AZ EN RU

Şəhidlik hər kəsə qismət olmur

Əli Süləddin oğlu Yusifov

14.08.1997 – 29.04.2021

    Əli çox ağıllı, tərbiyəli, sözə qulaq asan oğul idi. İnanın ki, qohum-qonşu onun başına and içirdi. Çox istiqanlı idi. Buna baxmayaraq, dərdini heç kimlə bölüşməzdi. Bakıda akademiyada oxuyanda da öz problemlərini özü həll edərdi. İstəmirdi ki, onun çətinliklərini biz bilək, narahat olaq.

    Məktəbdə çox yaxşı oxuyurdu. Valideyn iclaslarının heç birində müəllimlər narazılıq etməzdilər. İdman yarışlarında da çox fəallıq göstərirdi. Bir il üç ay xidmətdə oldu. Oradan da Fəxri fərmanlar aldı. 
    Hərbçi olmağı da özü seçdi. Bu sahəyə həvəsli olması nəsildən gəlib. Əlinin ata babası 1941-1945-ci illər müharibəsi zamanı itkin düşüb. Hətta mənim babam da həmin müharibədə döyüşüb. 
    Sonuncu dəfə sentyabrın 26-sı gecə saat 12-də danışdıq. Görüntülü danışırdıq. Biz onunla danışa-danışa əsgəri içəri daxil oldu. Dedi ki, komandir hazırıq. Gedirik. Atasına, inşallah, görüşərik, – dedi. Bizə sonuncu sözü o oldu. Ayın 3-ü saat 9-un yarısı nişanlısı ilə danışıb. Nişanlısına da deyib ki, qələbə bizimlədir. Narahat olmayın. Torpaqlarımızı alacağıq. Nişanlısı deyir ki, çox sevinirdi. Elə bil, Qarabağı azad etmişdi. Elə həmin gün itkin düşüb.
  Yaralı əsgərini Füzuliyə apararkən dumanlı havada itkin düşüb. Yeddi ay oğlum tapılmadı. Bir neçə dəfə ermənilər Əli ilə yaralı əsgərinin şəklini paylaşdılar. Deyirdilər ki, əsirdirlər. Bizim dövlət orqanlarımız araşdırdılar ki, yalan məlumatdır. 2021-ci il aprel ayının 29-da ermənilər nəşinin yerini dedi balamın. Əli ilə əsgərinin nəşləri birlikdə deyilən yerdən tapıldı. Əlinin şəxsiyyət vəsiqəsi, hərbi vəsiqəsi parçalanmış vəziyyətdə üstündə idi. Oktyabrın 4-də şəhid olub Əli. May ayının 3-də balam dəfn edildi. 
    Biz çox darıxırıq Əli üçün. Amma çox da qürurluyuq. Bu şəhidlik mərtəbəsi hər kəsə qismət olmur. Bu gün alnıaçıq, fəxrlə balamızı yaşadırıq. Vətən sağ olsun!

Nəşr edilib : 16.02.2024 12:44