AZ EN RU

Şəhidlik ən ali zirvədir

    Tarixə nəzər salanda görürük ki, əzəli düşmənimiz Ermənistan Azərbaycana qarşı həmişə ərazi iddiaları ilə çıxış edib, torpaqlarımızı yağmalamaq istəyib. 30 il düşmən tapdağı altında qalan torpaqlarımız Ali Baş Komandanımızın qətiyyəti, güclü siyasi bacarığı, iradəsi və dövlət-xalq-ordu birliyi nəticəsində 44 gün davam edən Vətən müharibəsində işğaldan azad edildi. Doğma torpaqlarımıza, Qarabağımıza qovuşduq. Lakin tarixə qızıl hərflərlə yazılan Şanlı Zəfərimiz düşməni bu iki il ərzində yandırıb kül edirdi. Bütün dünya qarşısında rəzil duruma düşən xain düşmən məkrli planlarından, hiylələrindən əl çəkmir, sərhəddə təxribatlar törədir, uzunmüddətli danışıqlarla sülh planını təxirə salır, torpaqlarımızın bərpasını həzm edə bilmirdi. Torpaqlarımızdan çıxarkən meşələri, evləri yandıran, tarixi-mədəni abidələrimizi talayan, salamat bir bina qoymayan vəhşi, Allahsız düşmən  heç bir sülh danışığına məhəl qoymadı.  Sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında  isə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Ordumuzun bölmələri tərəfindən əks-hücum tədbirləri görülərək bu təxribatın qarşısı alındı. Torpaqlarımız uğrunda canını fəda edən hərbçilərimiz şəhidlik zirvəsinə yüksəldi. Bu cəsur oğullarımız düşmənə layiqli cavab verdilər, bir daha göstərdilər ki, Vətəni qorumaq, Vətən üçün yaşamaq, Vətən üçün ölmək böyük şərəfdir. Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmazlığı, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına bu gün üçrəngli bayrağımız əzəli və qədim torpağımız Qarabağda əbədi dalğalanır.  
    Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhid olanlar sırasında qədim diyarımız Naxçıvanın igid oğulları da vardır. Belə qəhrəmanlardan biri Kəngərli rayonunun Qıvraq qəsəbəsindən olan şəhidimiz, hərbi qulluqçu, kapitan Fərid Möhbalıyev Bakı şəhərində İkinci Fəxri Xiyabanda dəfn olunub.  Şərur rayonunun Yengicə kəndindən olan hərbi qulluqçu, şəhid baş leytenant Əli Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxçıvan Beynəlxalq Hava Limanında ehtiramla qarşılanıb. Sonra şəhidimizin nəşi doğulduğu Şərur rayon Yengicə kəndinə gətirilib.Şəhidin cənazəsi Şərur rayonunda izdihamla qarşılanıb. “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə Şərur Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasimində Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimində cənazə namazı qılınıb, şəhidimizin ruhuna dualar oxunub. Çıxış edənlər şəhidin ailəsinə başsağlığı veriblər. Sonra üçrəngli Azərbaycan bayrağı şəhidimizin atasına təqdim edilib və yaylım atəşi açılıb.
    Bu igid Vətən oğullarının  xatirəsini həmişə əziz tutacaq, onları unutmayacağıq!

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 14.09.2022 21:10