AZ EN RU

Şəhidlərin xatirəsi yad edilib

Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Babək şəhərindən olan şəhid leytenant Hacıyev Şükür Bayram oğlunun və Yarımca kəndindən olan şəhid leytenant Vəlizadə İbrahim Malik oğlunun şəhadətlərinin ildönümü münasibətilə hər iki şəhid yad edilib, məzarlarına gül dəstələri qoyulub.

Tədbirlərdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hacı Hacıyev, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinin rəisi Hafis Nəcəfov, rayonun bəzi idarə, müəssisə və təşkilatlarının əməkdaşları çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.

Çıxışlardan sonra məktəblilər şəhidlərimizə həsr olunmuş şeir səsləndirib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 06.10.2023 19:48