AZ EN RU

Şəhidlərimizin xatirəsinə həsr olunmuş cüdo turniri

İlham Əliyev adına Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidləri Məmmədov Araz Qəhrəman oğlu və Quliyev Vəli Kamal oğlunun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. 2 yaş qrupunu əhatə edən yarışda 22 çəki dərəcəsi üzrə 138 oğlan və qız idmançı iştirak edib. Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Güləş Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə Culfa, Ordubad, Babək və Şərur rayonlarının cüdoçuları da mübarizə aparıblar.

Açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər müzəffər Azərbaycan Ordusunun uğurlarından, qəhrəmanlarımızın canı, qanı bahasına qazanılan möhtəşəm zəfərdən bəhs ediblər. Şəhid Vəli Quliyevin atası Kamal Quliyev təşkilatçılara təşəkkürlərini bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıb. Şəhid valideynlərinə yarışdan xatirə olaraq fəxri fərmanlar təqdim edilib. Sonra turnirin görüşlərinə start verilib.

Nəticələrə əsasən 2010-2012-ci il təvəllüdlü idmançılar arasında Fuad Cəlilzadə (34 kq, Naxçıvan), Elvin Cəfərli (38 kq, Naxçıvan), Adəm Nağıyev (42 kq, Şərur), Yusif Əsədli (46 kq, Naxçıvan), Sadiq Rzazadə (50 kq, Naxçıvan), Səccad Heydərov (55 kq, Culfa), Üzeyir Məmmədli (66 kq, Babək) və Yusif Əliyev (73+ kq, Culfa) fəxri kürsünün ən yüksək zirvəsinə qalxmışlar. 2007-2009-cu il təvəllüdlü cüdoçuların mübarizəsində Rəhim Qaybalıyev (46 kq, Naxçıvan), Ümid Əliyev (50 kq, Culfa), Muhamməd Mədətli (55 kq, Naxçıvan), Fərid İbrahimli (60 ka, Culfa), Elçin Abdullayev (66 ka, Culfa), Polad Cabbarov (73 kq, Culfa), Vüqar Orucəliyev (81 kq, Naxçıvan), Kərim Ağazadə (90 kq, Culfa), Rövşən Hüseynəliyev (90+ kq, Şərur), qızlar arasında isə Ləman Bağırova (28 kq, Naxçıvan), Aysu Məmmədova (36 kq, Naxçıvan), Nuray Kərimova (48 kq, Naxçıvan), Nailə Mustafazadə (52 kq, Naxçıvan) və Səkinə Bağırlı (57 kq, Naxçıvan) qalib adını qazanıblar. İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıb.

Nəşr edilib : 14.08.2023 12:45