AZ EN RU

Şəhidlərimizin qəhrəmanlıq yolu gənclərimizə aşılanır

Gənclərin iştirakı ilə Kəngərli rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları II Qarabağ Müharibəsi şəhidləri  – Musayev Sədi Süleyman oğlu, Əhmədov Elbrus Səmrəddin oğlu, Əsgərov Elçin Yalçın oğlu, Əsgərli Tural Ələmdar oğlu, Qədimov Güloğlan Nurəddin oğlu, Abbaslı Arif Firuz oğlu və İsmayılov Fuad Murad oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək olmağa çalışıb, qəhrəmanlarımızın həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar. 

Gənclər və idman naziri səlahiyyətlərini icra edən nazir müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov, Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildirib, onları Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsini simvolizə edən 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik ediblər. 

İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar. 

Qeyd edək ki, bu cür görüşlər Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə hər ay keçirilir. Məqsəd şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və  gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.11.2023 15:59