AZ EN RU

Şəhidlərimiz haqqında müfəssəl nəşr

    Nəfis tərtibatlarla yenicə işıq üzü görən “Ordubadın Zəfər zirvəsi” kitabının müəllifi Yəhya Babanlıdır. Yəhya müəllim qəzetə müsahibəsində yeni nəşr haqqında düşüncələrini bölüşdü: – “2019-cu ildə Ordubad şəhidləri ilə bağlı “Qapıcıq zirvəsinə yüksələnlər” adlı ilk kitabımız çapdan çıxıb. 200 səhifəlik bu kitabda Ordubad bölgəsindən olan 45 şəhid haqqında bioqrafik məlumat, habelə onların inşa yazıları, müvafiq məktubları, doğmalarının, müəllimlərinin, dostlarının xatirələri yer almışdı. “Ordubadın Zəfər zirvəsi” kitabı da onun davamıdır. Hər iki kitabın ərsəyə gətirilməsində əsas məqsəd şəhidlərimizi yaşatmaq, onları gənc nəslə tanıtmaq, onlara vətənpərvərlik hissi, mübarizlik əhvali-ruhiyyəsi aşılamaq, həmçinin şanlı tariximiz ilə bağlı yaddaşımızı möhkəmləndirmək və ümumilikdə, maarifləndirmə işinə dəstək göstərməkdir. Kitabda 13 Vətən müharibəsi şəhidi, ümumilikdə, Vətənin azadlığı, müstəqilliyi, suverenliyi uğrunda  canından keçən 59 şəhidimiz  haqqında  ətraflı məlumat verilib.     
    “Tusi” Xeyriyyə Cəmiyyətinin xətti ilə çap olunan kitabın ilk səhifəsində Azərbaycan Respublikasının Dövlət Himni, Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan və naxçıvanlılar haqqında dəyərli fikirləri yer alıb. 
    Kitabın “Zəfərə gedən yol” və “Zirvəyə aparan yol” məqalələrində Xocalı soyqırımı, 2020-ci ildə əldə edilən böyük Zəfər, eləcə də Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü, həmin dövrdə Azərbaycanın gələcəyi üçün qəbul edilən qərarlar haqqında söhbət açılır. 
    “Zəfərdəkilər” bölməsində 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi şəhidləri haqqında məqalələr yer alıb. Onların sırasında  Prezident cənab İlham Əliyevin müxtəlif orden və medallarla təltif etdiyi şəhidlərimiz haqqında geniş informasiyalar verilib.
    Nəşrin diqqəti cəlb edən “Məktublar, xatirələr, şeirlər”  bölməsində şəhidlərimizin ailə üzvlərinin, tanışlarının, müəllimlərinin düşüncələrinin yer aldığı məqalələr müfəssəl məlumat mənbəyidir. Ölümü ilə ölümsüzlüyə qovuşan şəhidlərimizə həsr olunan məqalələrdə şəhidlərimizin vətənpərvərlik və qəhrəmanlıq dolu  həyatı və fəaliyyəti geniş şəkildə işıqlandırılıb. Kitabda bu yazılarla yanaşı, şəhidlərimizə həsr olunmuş şeirlər də diqqəti çəkir. Şeirlərdə Vətən sevgisi, qalib Azərbaycanın aydın mənzərəsi yer alır. 
   Kitabın “Bir millət, iki dövlət” bölməsində Ordubad rayon Dırnıs kənd tam orta məktəbinin müəllimi Rayət İmaməliyevin yazdığı “Müqəddəs and – Həsəni Bəşir!” məqaləsində 1918-ci ildə Ordubadda erməni daşnaklarının hücumunun qarşısını alan, Qafqaz İslam Ordusunun alayında xidmət edən türk subayı Həsəni Bəşirin  igidliyindən, qəhrəmanlığından bəhs edilir. Kitabın sonunda Ordubad rayonu üzrə şəhid statusu verilmiş Vətən övladları haqqında qısa məlumat öz əksini tapıb. 
    Bu yazıları qürur və iftixar hissi keçirmədən oxumaq mümkün deyil. Kitabdakı yazıların bir ortaq məqamı var: Vətən! Vətənin bütövlüyü, azadlığı, müstəqilliyi... Bu uğurda gözünü qırpmadan öz əziz canını qurban edən qəhrəman oğul və qızlarımız. Vətənə məhəbbətin, sevginin ən ali örnəyi olan şəhidlərimizin şücaəti, cəsarəti, igidliyi, qeyrəti gənc­lərimizə örnəkdir.
    Böyük zəhmət hesabına ərsəyə gələn “Ordubadın Zəfər zirvəsi” kitabı da məhz bu müqəddəs mərama xidmət edir. Hər bir azərbaycanlı gəncə onu oxumağı tövsiyə edirik. Çünki hər bir gənc burada öz qəhrəmanını tapa biləcək. 

 Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 25.10.2023 21:21