AZ EN RU

Şəhidlərə ölüm yoxdur Vətəndə

Ümid Bahadur oğlu Novruzlu

07.06.1992-07.11.2020

Ümid iki bacının bir qardaşı idi. Balaca vaxtından çox hərəkətli idi. Onu əlimizdə saxlayıb böyüdürdük. O vaxt atası Rusiyada işləyirdi. Ümid nə istəyirdi onu da alırdı. Elə hey deyirdim ki, ay Bahadur, bunu çox ərköyün böyüdürsən. Cavab verirdi ki, uşaqdır, qoy hər şeyi olsun. 

Ümiddə hərbiyə meyil məktəbdə oxuduğu vaxtlar yaranmışdı. Amma biz icazə vermədik. Böyüdükdən sonra Daxili Qoşunlarda işə başladı. Üç ili burada işlədi. Sonra polis orqanlarına keçdi. Burada da işləmək istəmirdi. Oradan hərbiyə getdi. Ümid çox mehriban idi. Həm bizimlə, həm ailəsilə, həm də bütün dost-tanışları, qohumları ilə.
Döyüşə getməmişdən bir gün əvvəl yoldaşı və uşaqları ilə birlikdə gəzməyə gediblər. Axşam saat 9-da yoldaşına zəng vurub ki, uşaqları hazırla gəzməyə aparacağam. Həmin gün uşaqlar nə deyibsə, Ümid də onu edib. 
Mən müalicə üçün Bakı şəhərində idim. Telefonla tez-tez danışırdıq. Həmişə deyirdi ki, məni müharibəyə aparmayacaqlar. Mən onun müharibəyə getməyini çox gec bildim. O, Bakıya çatanda bildim ki, balam müharibəyə gedir. Zəng vurdu, dedim ki, Ümid, haradasansa de, gəlim səni görüm. Cavab verdi ki, ana, yerim məlum olsun, deyəcəyəm. Son sözü o oldu ki, özünüzə yaxşı baxın. Dedim ki, oğul, getmə. Sən arxada iki bala, gəlin qoymusan. Onları düşün ha, Ümid. Aman günüdür. Dedim ki, bəs məni Naxçıvana aparacaqdın? Cavab verdi ki, ana, gəlib aparacağam. Amma elə olmadı. Demə, Ümid mənə təsəlli verirmiş. Oradan birbaşa müharibəyə gedib. Yoldaşlarının dediyinə görə, çox igidliklər göstərib.Ümidi mən Naxçıvana gətirdim, həm də bayrağa sarılmış tabutda. Təyyarədə mən qabaqda, Ümid isə təyyarənin arxasında Naxçıvana gəldik.
İndi gözümüz qalıb qapıda. Axşamçağı saat altı olan kimi qapıya baxıram. Elə bil Ümidin qoxsu evə dolur. Ümiddən bizə qalan onun iki gül balası, şəkilləri, bir də məzar daşıdır. Nə deyim? Vətən sağ olsun!

Nəşr edilib : 02.05.2024 14:26