AZ EN RU

Şəhidlərə ölüm yoxdur Vətəndə

Soyuq  qış günlərindən biri idi. Günlərdir yağan qar yolu-izi bağlamış, rayonun başıpapaqlıları çörək növbəsində dayanmaqdan haldan düşsələr də Şərur Rayon İcra Hakimiyyətinin qarşında gecə-gündüz sönməyən tonqalın ətrafında dayanıb Sədərəkdəki döyüşlərə getmək üçün növbə gözləyirdilər. Biz məktəblilər isə  dizə kimi çıxan qarın arasında açdığımız cığırla soyuq, işıqsız evlərimizdən, ondan da soyuq, rütubətli, sıxıcı sinif otaqlarına getməyə çalışırdıq. Yolboyu böyüklərin bir-biri ilə danışığına şahid olur, eşitdiklərimizi uşaq ağlımızla anlamağa çalışırdıq. Biri Bakıda Rus qoşunları böyük qətliam törədib, müstəqillik uğrunda şəhidlər vermişik ötən gecə, – deyir, bir başqası Kərkidən gəldiyini, Sədərəkdə ağır döyüşlər getdiyini bildirirdi. Məktəbə çatıb sinfə daxil olanda sinif yoldaşımız Şərqiyyənin atası, polis kapitanı Məhərrəm Seyidovun şəhid olduğunu eşitdik. Həmin gün ilk dəfə şəhid kəlməsinin dərin mənasını başa düşüb, azadlıq, azad Vətən, müstəqil Azərbaycan kəlmələrinin necə gözəl səsləndiyini duyduq. Boynumuza ağırlıq edən pioner qalstukunu açıb ayaqlar altına atdıq. Həmin gün Şərur şəhərindəki uşaq-əyləncə parkı Şəhidlər xiyabanına çevrildi. Həmin gündən şəhid polis kapitanı Məhərrəm Seyidovun məzarı ziyarətgaha çevrildi. Sonrakı günlərdə buranın sakinləri çoxalmağa başladı. Vətən torpağını düşmənə pay verməyən, öz sinəsini düşmənə sipər edib canından keçən oğulların əbədi məskəninə çevrildi Şərur şəhidlər xiyabanı.

           Məhərrəm Seyidov Şərur Rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Vaxt tapmazdı məktəbə gəlməyə, hərdən bir görərdik onu. Hamımızın xatirində sadə insan kimi qalmışdı sinif yoldaşımızın atası. Şəhadət xəbəri gələn həmin gün, onun rəsmi hər birimizin beyninə həkk olundu. Onun şəhadətindən iki il sonra Məhərrəm Seyidova “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı verildi. Şərur şəhərindəki iki saylı məktəb onun adını daşımağa başladı. Məktəbin həyətində Məhərrəm Seyidovun büstü ucaldıldı.

          2024-cü ilin eyni günündə, eyni saatlarında, həmin ünvanda dayanmışam – Azərbaycanın Milli Qəhrəmanı, Şərurun igid oğullarından biri Məhərrəm Seyidovun məzarı başında. Bir vaxtlar beşinci, altıncı sinifdə təhsil alanda hər 20 Yanvar günü burada dayanıb şəhidlərə, Vətənə həsr olunan şeirlər söyləyərdim. Bu həmin günlər idi ki, Vətənimizin bir parçası, döyünən ürəyi Şuşası, Laçını düşmən tərəfindən işğal edilmişdi. Sədərəkdə şiddətli döyüşlər gedirdi.

İllər ötür hər il bu məzarların başı üstə dayanıb, şeir deyən, gələn il bu vaxt sizə Qarabağın azadlıq xəbərini verərik, ruhunuz şad olar sözünü verənlərin siması, kimliyi dəyişə də arzular dəyişmirdi.  

 İllər öncə o məzarların başında dayanan şagirdlərin bir neçəsi bu gün Milli Qəhrəmanın ətrafında uyuyur. Onlar Məhərrəm Seyidov kimi oğulların şücaətindən dərs alan oğullardırlar. Sədərək döyüşlərində düşmənə aman verməyən oğulların davamçıları. Aprel döyüşlərində, Vətən müharibəsində Şərurun igid oğulları düşmənə Məhərrəm Seyidovun, Vətəni körpə övladlarından çox sevən Mirhəşim Seyidovun davamçıları olduqlarını sübut etdilər. Onlar Milli Qəhrəmana qələbə müjdəsi gətirdilər. Artıq üç ildir ki, başı uca alnı açıq dayanırıq Şərurun ilk şəhidlərinin məzarı başında. Onların da ruhu şad olur Cıdır düzünə “Qarabağ” şikəstəsinin səsi yayılanda, Vətən müharibəsi şəhidi Seymur Cabbarovun məzarı üstündə Şuşadan gətirilən xarıbülbül çiçəyinin ətrini hiss edəndə, məzarlarını ziyarət edən azad, bütöv Azərbaycan övladlarını görəndə.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 18.01.2024 11:03