AZ EN RU

“Şəhidlər zirvəsi” sənədli filmin təqdimatı olub

    Yaxın günlərdə Bakı şəhəri, Nizami Kino Mərkəzində “Şəhidlər zirvəsi” sənədli filminin təqdimat mərasimi keçirilib. İdeya müəllifi və rəhbəri Vaqif Şahsuvarov, rejissoru və ssenari müəllifi Nazim İmanov və Ələkbər Qasımov olan “Şəhidlər zirvəsi” adlı filmin təqdimatında şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, media nümayəndələri və sənət adamları iştirak ediblər.
    Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, daha sonra Dövlət Himni səsləndirilib, “Şəhidlər zirvəsi” sənədli filmi nümayiş olunub. 
    Tədbiri giriş sözü ilə layihənin ideya rəhbəri Vaqif Şahsuvarov açıb. Qeyd olunub ki, əziz şəhidlərimizin xatirəsinə ucaldılmış “Şəhidlər zirvəsi” Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun  tarixi abidəsi olan Əlincə qalasının 1800 metr yüksəkliyində yerləşir. Zirvə Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunub.  
   Diqqətə çatdırılıb ki, filmin çəkilməsində əsas məqsəd torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün Azərbaycan şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək, onların qısa, lakin mənalı ömrünü bütün gənc nəslə aşılamaqdır.
    Tədbirdə çıxış edənlər bildiriblər ki, film layihənin ideya müəllifi və rəhbəri Vaqif Şahsuvarovun zəhməti  ilə 3-4 ay müddətində ərsəyə gəlib. Filmdə yalnız şəhidlərin amalı, qayəsi yox, həm də bütöv bir Azərbaycan xalqının arzusu, niyyəti əks olunub. Bu gün qürur hissi ilə deyirik ki, bütün şəhidlərimizin arzuları həyata keçib, torpaqlarımız düşmən işğalından azad olunub. 
    Filmin sonunda təltiflər olub və layihənin rəhbəri Vaqif Şahsuvarova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvlük vəsiqəsi, Böyük Zəfər medalı ilə təqdim edilib. 

Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 20.07.2023 20:54