AZ EN RU

Şəhidlər ölməzdir

    Şəhidlik vətənpərvərliyin ən ali məqamı, şərəf, qeyrət, ucalıq zirvəsidir. Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə  neçə-neçə igid Azərbaycan övladı canından keçərək qəhrəmanlıqlarla dolu olan bu uca zirvəyə yüksəlib. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. 
    Bu günlərdə Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi genişmiqyaslı təxribatın  ordumuzun əks-hücum əməliyyatı nəticəsində qarşısı alındı. Əsgərlərimiz, hərbçilərimiz canı-qanı bahasına döyüş meydanında qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr endirdilər. Xalqımızın vətənpərvər övladları ana Vətən uğrunda döyüşlərdə qətiyyət, cəsarət, mübarizlik göstərərək şəhidlik adlı yüksək, şərəfli zirvəni fəth etdilər. Tarixboyu xalqımız Vətən uğrunda şərəfli ölümlə fəxr edib. Düşmən tapdağı altında olan torpaqlarımıza – doğma Qarabağımıza qovuşmağımızın səbəbkarı da məhz qüdrətli, yenilməz, cəsur ordumuzdur, canlarından keçərək xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazan şəhidlərimizdir. Hansı ki onlar Vətəni sevməyi dildə deyil, əməldə göstərdilər. Şəhidlərimiz unudulmaz, ölməzdirlər. Onların ömür yolu gənclərimizə örnəkdir. Bu gün şəhidlərimizin qanı yerdə qalmır, qüdrətli, yenilməz ordumuz düşmənə layiqli cavabını verir.  
    Şəhidlik adlı ali məqama yüksələnlər sırasında qədim diyarımız Naxçıvanın da vətənpərvər, qəhrəman oğulları vardır. Culfa rayonunun Yaycı kəndindən olan şəhid baş çavuş Rəşad Hüseynli də onlardan biridir. Şəhid Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxçıvan Beynəlxalq Hava Limanında ehtiramla qarşılanıb. Şəhidimizin nəşi doğulduğu Yaycı kəndinə aparılıb. Şəhidin cənazəsi izdihamla qarşılanıb. “Şəhidlər ölməz, Vətən bölünməz!”,  “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan əsgəri!” şüarları  ilə Yaycı kənd qəbiristanlığında Vətən müharibəsi zamanı şəhid olmuş digər igid oğullarımızın yanında dəfn olunub. Vida mərasimində cənazə namazı qılınıb, şəhidimizin ruhuna dualar oxunub. Çıxış edənlər şəhidin ailəsinə başsağlığı veriblər. Sonra üçrəngli Azərbaycan bayrağı şəhidimizin atasına təqdim edilib və yaylım atəşi açılıb. 
    Adını tarixə yazan şəhidlərimizin valideynlərinə Allahdan səbir diləyirik. Qürurumuz, fəxrimiz olan şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayır və yaşayacaq!

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 16.09.2022 19:51