AZ EN RU

Şəhidlər daim qəlbimizdədir

Zaman Habil oğlu Məmmədov

03.08.1995-29.10.2020

    Zaman çox kövrək, ürəyiyumşaq uşaq idi. Atası yanımızda çox olmurdu. Elə ki, atası zəng edirdi başlayırdı kövrəlməyə. Ağlamağını sakitləşdirə bilmirdik. Çox ailəcanlı idi. Bir qardaşı var. Yalnız onu fikirləşərdi. Heç özünü fikirləşmirdi.

    Zaman həm də çox mərd oğlan idi. Bizim orta məktəbdə bir müəllimimiz var. Həmid müəllim. O deyirdi ki, məktəbdə inşa yazırdıq. Zamanın inşasının mövzusu yalnız qisas idi. Zaman inşasında yazmışdı ki, gün gələcək, Xocalımızın qisasını yağı düşməndən alacağıq. Gün gələcək, Qarabağımızı geri qaytaracağıq.
    Bir gün təlimdən gəlmişdi. Bütün bədəni yara və göyərmiş vəziyyətdə idi. Soruşdum ki, bu, nədir? Dedi ki, ana, biz özümüzü gələcək günlərə hazırlayırıq. Möhkəm olmalıyıq, sağlam olmalıyıq və qisasımızı almalıyıq.
    Zaman balaca vaxtından vətənpərvər idi. Onun Günnüt hadisələrində 3 yoldaşı şəhid olmuşdu. Şəhidlərin şəkillərini belə profillərdən silmirdi. Üç il onların şəkillərini əzizləyib saxladı. Hər üç şəhidə ad günlərində, anım günlərində onlara aid videolar hazırlayıb paylaşırdı. 
    Şəhid dostlarından biri ailəli idi. Bayram günlərində  yoldaşlarından pul yığırdı ki, şəhid dostlarının ailəsini sevindirsin. Hətta üç uşağı olan hərbçi yoldaşlarından biri də onlara qatılardı. Zaman deyirmiş ki, sən vermə. Sənin də  uşaqların var. O da deyirmiş ki, biz yüksək əməkhaqqı alırıq. Bizə o pul çoxdu. Pulu yığardı, hər nə qədər olsaydı, ailəyə verərdi. İndi həmin şəhid övladları Zamanın şəklini paylaşır, altında yazırlar ki, biz səni gözləyirik. 
   Hər zaman müraciət edirdi ki, mən Qarabağa gedirəm. Nəhayət, oktyabrın 11-i istəyinə çatdı. Getdi o müharibəyə. İgid qəhrəman olmaq üçün getdi. Döyüşdə yaralanır. Amma yenə də döyüşə qayıdır ki, mən yoldaşlarımı tək qoya bilmərəm. 
    Şəhidlərimiz daim qəlbimizdədir. Mənim övladım bütün şəhid balalarım kimi qəhrəmandır. Hər zaman da elə qalacaqlar! Vətən sağ olsun!

Nəşr edilib : 24.02.2024 13:35