AZ EN RU

Şəhidin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər tam orta məktəblərinin gənc müəllimlərindən ibarət komandaları arasında şəhid Qasımov İbrahim Malik oğlunun əziz xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib.

Oyunun keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsini yad etmək və gənc müəllimlərin intellektual oyunlar sahəsinə marağını artırmaqdan ibarət olub. Oyun başlanmazdan öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Oyunun açılış mərasimində çıxış edənlər tədbirin mahiyyəti və yarış qaydaları haqqında məlumat verib. Daha sonra şəhid Qasımov İbrahimin valideyni Qasımov Malik çıxış edərək təşkilatçılara təşəkkürünü bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıb. Sonra şəhid valideyninə yarışdan xatirə olaraq fəxri fərman təqdim edilib.

Oyun II mərhələ üzrə keçirilib, hər mərhələdə 12 sual olmaqla ümumilikdə 24 sual səsləndirilib. İntellektual oyunun yekununa əsasən 14 nömrəli tam orta məktəbin komandası I, 11 nömrəli tam orta məktəbin komandası II, 9 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. 1, 5 və 13 nömrəli məktəblərin komandaları isə yarışda fərqlənənlərdən olub.

Sonda ilk üç yeri tutan və fərqlənən komanda və komanda üzvlərinə təşkilatçıların diplomları, I yeri tutan komandanın üzvlərinə isə idarənin medalları təqdim olunub.

Nəşr edilib : 26.01.2024 10:51