AZ EN RU

Şəhidin xatirəsi anılıb

    Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbdə İkinci Qarabağ müharibəsi şəhidi Seymur Hüseynoğlunun xatirəsinə həsr edilmiş tədbir olub. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 
    Tədbirin aparıcısı  bildirib ki, Azərbaycanın hərb tarixinə Qələbə ili kimi daxil olan, Azərbaycan oğullarının qəhrəmanlıq salnaməsini yaddaşlara əbədi həkk edən 2020-ci il xalqımızın yenilməzliyini, birlik və bərabərliyini bütün dünyaya nümayiş etdirdi. Bu yolda şücaət və igidliyi ilə tarix yazan, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımız qəhrəmanlıq və yenilməzlik simvoluna çevrildilər, vətənpərvərliyin ən ali məqamına yüksəldilər. Belə qəhrəmanlardan biri də torpaqlarımız uğrunda mərdliklə vuruşan və şəhadət məqamına yüksələn baş leytenant Seymur Hüseynoğludur. Seymur 1993-cü il oktyabrın 20-də Ordubad rayonunda anadan olub. Orta təhsilini Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə alıb. Məktəbdə əxlaq və tərbiyəsi ilə seçilən Seymurun Vətən, torpaq  sevgisi çox böyük idi. Elə bu səbəbdən o, 2008-ci ildə Milli Ordumuz üçün peşəkar hərbçilər yetişdirən Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunur. 3 il burada təhsil aldıqdan sonra 2011-ci ildə Bakıdakı Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. 2015-ci ildə buranı da uğurla bitirən Seymur Hüseynoğlu leytenant rütbəsi alır. Xidməti vəzifəsini yerinə yetirən igidimiz tariximizin şanlı və şərəfli səhifələrindən olan aprel döyüşlərinin də iştirakçısı olur, döyüşlərdə şəhid general-mayor Polad Həşimovun rəhbərliyi ilə böyük şücaət göstərir. O, 2018-ci ildə baş leytenant rütbəsinə layiq görülür. 
    Qeyd edilib ki, 2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsinə digər igid oğullarımız kimi, Seymur da əsl qəhrəman kimi yollanır. Oktyabrın 16-da gedən döyüşlərdə Seymur Hüseynoğlu ağır yaralanır. 41 gün komada qalan igidimiz noyabrın 26-sı şəhadətə qovuşur və İkinci Fəxri xiyabanda torpağa tapşırılır. Seymur Hüseynoğlu ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
    Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən, dövlətimizin müharibə iştirakçılarına, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar.  
    Şəhid Seymur Hüseynoğlunun valideynləri Hüseyn Bədəlov və Qənimət Bədəlova övladları haqqında xatirələrini danışıblar, göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. 
    Tədbir məktəb şagirdlərinin nümayiş etdirdiyi ədəbi-bədii kompozisiya ilə yekunlaşıb. 
    Həmin gün şəhid valideynləri Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş guşə ilə tanış olublar. 

Abbas SEYİD

Nəşr edilib : 14.12.2022 20:27