AZ EN RU

Şəhidin anım mərasimi keçirilib

Şəhid Elcan Balabəyli dünyaya gəldiyi günün ildönümündə məzarı başında anıldı. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid ailələri, qazilər, dövlət qurumlarının əməkdaşları, media nümayəndələri iştirak ediblər.

Çıxış edənlər şəhidin qəhrəmanlığından danışıb, ailəsinə səbir diləyiblər. Qeyd olunub ki, igid Vətən oğullarının rəşadəti sayəsində Azərbaycanın suverenliyi bərpa olundu. Bu xalq igid oğullarını daim qəlbində yaşadacaq. 

Qeyd edək ki, Naxçıvan diyarının qəhrəman övladlarından olan Balabəyli Elcan Vasif oğlu 1992-ci il martın 12-də Naxçıvan şəhərində anadan olub. Heydər Əliyev adına Hərbi Liseyi bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə davam etdirib.  Elcan leytenant hərbi rütbəsi alaraq ordu sıralarında taqım komandiri kimi xidmətə başlayır. Nümunəvi xidməti ilə seçilən gənc zabit 2016-cı il Aprel döyüşləri, 2020-ci il Vətən müharibəsi, 2022-ci il “Qisas” əməliyyatında iştirak edib. Qəhrəmanlıq göstərib. 2023-cü ilin sentyabr ayının 19-da keçirilən antiterror tədbirləri zamanı Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ali Baş Komandanımız tərəfindən 9 medal və 1 ordenlə təltif edilib.

Nəşr edilib : 12.03.2024 18:05