AZ EN RU

Şəhidin anım mərasimi keçirilib

    Vətən müharibəsi şəhidi Məmmədhəsən Sadıqlının dünyaya gəldiyi gün anım tədbiri keçirilib. Mərasimdə iştirak edən  Sədərək Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov bildirib ki, yaşadığımız hər gün tarixə dönür. Bu tarixin elə səhifələri var ki, heç vaxt unudulmur, yaddan çıxmır, əbədi olaraq xalqın yaddaşına yazılır.  
    Vurğulanıb ki, Milli Ordumuz cəmi 44 gün çəkən azadlıq mücadiləsində Zəfər dastanına imza atdı.Bununla da illərdir ki, xəyalı ilə yaşadığımız həmin gün gəldi – tariximizin şanlı səhifələrinə igid Azərbaycan əsgərinin yeni qəhrəmanlığı, şücaəti yazıldı. Vətən müharibəsi başlayan gündən ordumuz torpaqlarımızı düşməndən qarış-qarış aldı. Hər qarış torpaq uğrunda onlarla igid canından keçdi, şəhadətə ucaldı.
    Diqqətə çatdırılıb ki, Sədərək elinin Vətən müharibəsində canından keçən igidlərindən biri olan Məmmədhəsən Sadıqlı 1992-ci il 21 fevralda Dəmirçi kəndində anadan olmuşdu. Məktəbdə təhsil aldığı müddət ərzində idmanın sərbəst güləş növü ilə bir çox yarışlarda qalib gəlmişdi. 2007-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olan Məmmədhəsən 2010-cu ildə  buranı bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdı. Bir il Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunu keçmişdi. 2015-ci ildə isə təyinatı üzrə Culfa rayonuna xidmətə  göndərilmişdi. 2017-ci ildə baş leytenant rütbəsini alan Məmmədhəsən xidməti dövrü ərzində Günnüt döyüşlərində iştirak etmiş, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, 2019-cu ildə Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı kəşfiyyat (XT) bölüyü” yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərmanla təltif olunmuşdu. 2020-ci il sentyabrın 27-də başlanmış İkinci Qarabağ müharibəsində şücaət göstərən Məmmədhəsən Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalaraq xalqımıza, o cümlədən el-obasına şöhrət gətirdi.
    Şəhidin atası Meydan Sadıqov tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək deyib ki, yurdumuzda şəhid ailələrinə qayğı ilə yanaşılır, onların bütün problemləri vaxtında həll olunur. Şəhid atası diqqətə çatdırıb ki,  Azərbaycan Prezidenti cənab  İlham Əliyevin sərəncamlarına əsasən Məmmədhəsən Sadıqlı ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”,  “Xocavəndin azad olunmasına görə”  medalları və “Azərbaycan Bayrağı” ordeni  ilə təltif edilib.
    Qeyd olunub ki, Vətənimizin bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 21.02.2022 19:25