AZ EN RU

Şəhidin anım günü olub

Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində ötən il sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən terror aktı nəticəsində şəhidlik zirvəsinə ucalmış  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun anım günü keçirilib. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.  Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media üzrə məsul şəxsi Günay Malikqızı çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır. Şəhid və qazilərimizin Vətən qarşısındakı xidmətləri dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqları bundan sonra da unudulmayacaq, şəhid ailələri, şəhid övladları daim dövlətimizin himayəsi altında yaşayacaqlar. Şəhid ailələrinin birliyi, sakinlərin onlara olan hörməti hər birimizi sevindirir.

Qeyd olunub  ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən terror aktı nəticəsində həlak  olan igid Azərbaycan polisinin qisası alındı və  qeyri-qanuni erməni birləşmələri ağ bayraq qaldıraraq təslim oldu.  44 günlük döyüşlərdə başlanılan şanlı missiya  Xankəndidə başa çatdı.  Bayrağımız Xankəndində dalğalandığı  gün  bütün dünya  azərbaycanlı oğulların qəhrəmanlığına şahid oldu.

Tədbirdə  şəhid Raqib Hüseynovun anası Rəna xanım, şəhid Ramazan Göydağlının atası Əbülfət ata, Bakı şəhərindən gəlib tədbirdə iştirak edən şəhid anaları və şəhid polis Ələsgər Əsgərovun anası, dayısı Tural Cəfərov  çıxış edərək igid oğullarımızın şücaətindən, qəhrəmanlığından bəhs etdi.

 Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Əsgərov Ələsgər Zakir oğlu 12 may 1997-ci ildə Naxçıvan şəhərində anadan olub. 2003-2014-cü illərdə Naxçıvan şəhəri Hüseyn Cavid adına 5 saylı tam orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsində Menecment ixtisası üzrə əyani təhsil alıb. 2018-ci ilin iyul ayından 2019-cu ilin iyul ayınadək “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. 12 may 2022-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayında polis serjantı kimi işə başlayıb. 2023-cü ilin iyul ayından Alayın Xüsusi təyinatlı taborunun polis nəfəri kimi fəaliyyətini davam etdirib. Lokal xarakterli antiterror əməliyyatlarının keçirilməsi ilə əlaqədar Şuşa şəhərinə ezam edilmiş polis nəfəri Əsgərov Ələsgər 19 sentyabr 2023-cü ildə Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxribat-diversiya terror aktı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Polis serjantı Əsgərov Ələsgər  20 sentyabr 2023-cü ildə Naxçıvan şəhərinin Əliabad  qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən Əsgərov Ələsgər Zakir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 13.05.2024 12:13