AZ EN RU

Şəhidin anım günü olub

Babək Rayon Cəhri qəsəbə musiqi məktəbində şanlı Aprel zəfərinin qəhrəman şəhidi mayor Rasim Məmmədovun anım günü keçirilib. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri açan Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova bildirdi ki, Azərbaycan müstəqillik qazandığı illərdə səriştəsiz rəhbərlər ucbatından torpaqlarımızın bir hissəsini itirdik. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ordu quruculuğu istiqamətində mühüm işlər görüldü. Ordumuz torpaqlarımızın azadlığı üçün hazır vəziyyətə gətirildi.

Bildirilib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Qeyd olundu ki, Naxçıvan torpağının igid oğlu Rasim Məmmədov Lələtəpə yüksəkliyinin azad olunması əməliyyatında igidlik göstərərək şəhadət şərbəti içib. Xidməti dövründə mayor Rasim Məmmədov bir sıra fəxri fərman və medallarla, ölümündən sonra isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva qeyd etdi ki, mayor Rasim Məmmədov Birinci Qarabağ müharibəsində sağlamlığını itirən atasının yolunu davam etdirib qələbə qazanan oğullardan oldu.

Bildirildi ki, igid Azərbaycan əsgərinin Aprel döyüşlərində başlatdığı şanlı missiya davam etdirildi və Xankəndidə bayrağımız sancılan gün bütün dünya Rasim kimi oğulların qəhrəmanlığına şahid oldu.

Şəhidin anası Nazilə xanım övladı ilə bağlı xatirələrini bölüşdü.

Şəhidin həyat yoldaşı Samirə xanım qeyd etdi ki, Rasimin övladlarını ona layiq şəkildə böyüdür. Həyat yoldaşının xatirəsini hər zaman yaşatmağa səy göstərir. Şəhid xanımı vurğuladı ki, Rasim kimi oğulların sayəsində bu gün Vətənimiz bütövdür və övladlarımız azad Azərbaycanın övladları kimi böyüyür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Hacıfəxrəddin Səfərli Aprel döyüşlərində şəhidlik şərbəti içən Rasim Məmmədovun üçrəngli bayrağımıza sarılıb Naxçıvana gətirildiyi gün qəhrəmanlığına layiq şəkildə qarşılandığından, onun xatirəsinin bu gün də yaşadıldığından bəhs etdi.

Şəhidin qardaşı Şahin Məmmədov Birinci Qarabağ müharibəsində Sədərəkdə sağlamlığını itirən bir atanın, Vətən torpağının azadlığı uğrunda canından keçən oğulun qardaşı olduğu üçün fəxr etdiyini bildirdi. Qardaşının döyüş yolundan bəhs etdi.

Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Babək rayon özəyinin sədri Afiq Həsənov qeyd etdi ki, Cəhri qəsəbəsi Birinci və İkinci Qarabağ müharibəsində, ümumilikdə, 8 şəhid verib. Onların qəhrəmanlığı ilə hər bir babəkli fəxr edir. İgidlər rayonun adını daşıyan qəhrəman Babəkin yolunun davamçıları oldular.

Sonda şəhidin ömür yoluna həsr olunmuş videoçarxa baxılıb, vətənpərvərlik mövzusunda mahnılar, şeirlər ifa olunub, ədəbi-bədii kompozisiya göstərilib.

Qeyd edək ki, həmin gün Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbdə şəhidin adına verilmiş sinfin açılışı da olub. Qəhrəman şəhidin məzarı ziyarət edilib.

Ramiyə ƏKBƏROVA

 

Nəşr edilib : 04.04.2024 20:02