AZ EN RU

Şəhidin adına verilmiş sinfin açılışı olub

Şahbuz şəhər 2 nömrəli tam orta məktəbində Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Emin Sadıqovun adına sinfin açılışı olub. Tədbirdə şəhid valideynləri, qazilər,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Şahbuz Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak ediblər. Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Çıxış edənlər şəhidlərimizin qəhrəmanlığından danışıb. Vətən fədailərinin igidliyindən bəhs ediblər. Şəhidin anası Gülşad Rüstəmova çıxış edərək Vətən oğullarının xatirəsini yaşatmaq yolunda görülən işlərə görə minnətdarlığını bildirib.

Şəhid anası Rəna Hüseynova, Sədaqət Rüstəmova, Mehparə Rzayeva çıxış edərək  şəhidlərimizin xatirəsinə hörmət və ehtiram göstərən hər kəsə təşəkkür etdilər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Esmira Həsənova çıxış edərək dövlətimizin daim şəhid ailələrinin yanında olduğunu qeyd edib. Bildirib ki, şəhidlərimiz bu dövlət var olduqca yaşayacaq. Onların igidliyi sayəsində Azərbaycan bütövləşdi və bütün dünya şahidlik etdi bu xalqın birliyinə.

Sonda videoçarxa baxılıb, məktəblilərin ifasında şeirlər dinlənilib.

Qeyd edək ki, Sadiqov Emin Rəşadət oğlu 21 iyul 1998-ci ildə Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olub. 2004-cü ildə Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 8-ci sinfi bitirdikdən sonra Emin Sadiqov Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub və 3 il burada təhsil alıb. 2015-ci ildə hərb sənətinin dərinliklərinə yiyələnmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə AAHM-dən məzun olan Emin Qazax rayonunda yerləşən hərbi hissəyə təyinat alıb. İkinci Qarabağ savaşına leytenant Sadiqov Füzuli istiqamətində qoşulub. 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. 30 oktyabr 2020-ci ildə doğulduğu Şahbuzkənd məzarlığında dəfn olunub.

Vətən Emin kimi  qəhrəman oğullarına daim minnətdardır.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 01.05.2024 15:35