AZ EN RU

Şəhid və qazi övladlarına məktəbli ləvazimatları hədiyyə edilib

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini, nazir vəzifələrini icra edən Elxan Nəcəfov bildirib ki, şanlı Zəfər tariximizin yazılmasında canından keçən şəhidlərimizin və qazilərimizin övladları daim dövlətimizin diqqət mərkəzindədirlər. Bu istiqamətdə bütün təşəbbüslərimiz onların savadlı, vətənpərvər bir vətəndaş kimi böyüməsinə həsr olunub. Gələcəkdədə onların təhsilli, vətənpərvərkadr kimi formalaşmasında əlimizdən gələni edəcəyik.

“Naxçıvan Qaziləri” İctimai birliyinin sədri Ceyhun Bayramov şəhid və qazi övladlarının hərtərəfli dövlət dəstəyi ilə əhatə olunduğunu qeyd edib. Gələcəyimizin təminatı olan şagirdlərə elm yolunda uğur arzu edib, tədbirin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin əməkdaşı Nurlan Məhərrəmov çıxışında bildirib ki, keçirilən tədbir şəhid və qazi övladlarına göstərilən dövlət qayğısının digər bir nümunəsidir. Şagirdlərin təhsilini ən yüksək şəkildə davam etdirməsi üçün reallaşdırılan layihələrin ardıcıl xarakter daşıdığı vurğulanıb.

Sonra “ÇinarYayımları”nın baş redaktoru Əli Hənifəyev çıxış edərək bildirib ki, şəhid və qazi övladlarının təhsilinə dəstək olmaq, onların yaxşı nəticələr əldə etməsi üçün layihələr reallaşdırmaq qürurverici hissdir. Baş redaktor gələcəkdə bu məqsədlə reallaşdırılacaq layihələrdən bəhs edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə təhsildə ən yaxşı nəticə əldə edən şagirdlər üçün tələbə təqaüdü təsis ediləcək.

Sonra şəhid Elməddin Meydanovun övladı Yusif Meydanlı çıxış edərək minnətdarlığını bildirib.

Sonda 20 şəhid və qazi övladına məktəbli ləvazimatları təqdim edilib.

Aysel YUSİFZADƏ

Nəşr edilib : 20.11.2023 18:29