AZ EN RU

Şəhid və qazi ailələri dövlətimizin himayəsindədir

    Ölkəmizdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Onların sağlamlığı daim diqqətdə saxlanılır, həyat şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl sosial layihələr həyata keçirilir. Həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən biri müəyyən kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilməsidir. Həmçinin ötən dövr ərzində yüzlərlə Qarabağ müharibəsi əlili və şəhid ailəsinə dövlət qayğısı göstərilərək mənzil və avtomobil verilib.

    Bu il noyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailələri və qazilərlə görüşərək 18 nəfərə yeni mənzil, 7 şəxsə isə avtomobil təqdim edib. Bu şəxslərdən biri də evində qonaq olduğumuz 1996-cı il təvəllüdlü Kəngərli rayon Qabıllı kənd sakini, qazi Turqut Eyvazovdur.  O,  2020-ci ilin sentyabr ayında “N” hərbi hissənin xüsusi təyinatlı bölməsində müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərib. Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Füzuli rayonlarının və bəzi strateji yüksəkliklərin azad olunmasında və xüsusi ağır tapşırıqların yerinə yetirilməsində iştirak edib. Müharibə zamanı partlayış nəticəsində baş və sağ qol nahiyəsindən travma alıb. Azərbaycan Respublikası Prezidentinin müfaviq sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”,  “Cəsur döyüşçü” və “Müharibə iştirakçısı” medalları ilə təltif edilib. Bu yaxınlarda dövlətimiz tərəfindən göstərilən qayğı ilə Qıvraq qəsəbəsində ikiotaqlı mənzillə təmin olunub. O deyir: – Bizə göstərilən bu qayğıya görə dövlətimizə dərin minnətdarlığımı bildirirəm. Bu diqqət və qayğıdan biz də bəhrələnə bilmişik. Qəzetiniz vasitəsilə ailəm və öz adımdan bir daha xüsusi təşəkkürlərimi çatdırıram. 
    Bir digər müsahibimiz isə Sədərək rayon sakini, I Qarabağ müharibəsi qazisi Etibar Ələkbərovdur. Ötən əsrin 90-cı illərində sərhədlərimizə qarşı amansız hücumlar zamanı düşmənə qarşı yorulmadan mübarizə aparan qazimiz bizə müharibə zamanı yaşadıqları çətinliklərdən bəhs edir. 1992-ci il may ayının 4-də Sədərək rayonunda postda olarkən yaralandığını deyir. Böyük təəssüf hissi ilə ifadə edir ki, bundan sonra döyüşə davam edə bilməyib. Sağ əl və ayaq nahiyyələrindən yaralanan qazimizə dövlətimiz tərəfindən avtomobil təqdim edilib. Dövlətimizə minnətdarlıq edən həmsöhbətimiz deyir ki, dahi rəhbər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Atılan hər bir addım dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin ardıcıl olduğunu, müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərildiyini sübut edir. Göstərilən bu qayğıya görə təşəkkür edirik. 
    Mənzil təqdim edilən qazilərimizdən digəri də Sədərək rayonunun Dəmirçi kəndində anadan olan Rahib Həsənovdur. O deyir: – Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı bölgəsində gedən döyüşlərdə iştirak edib. Hərbçi olaraq döyüşlərə qatıldım və öhdəmə düşən borcumu layiqincə yerinə yetirdim. Ən böyük arzum şəhid olmaq olsa da mənə nəsib olmadı. Cəbrayıldan sonra isə Qubadlıda iki gün mühasirədə qaldıq. “Hər an şəhid olacağam”, – deyə düşünürdüm, lakin mühasirədən çıxdıq. Müharibə zamanı yoldaşlarımın şəhid olduğunu görmək bizlər üçün sözlərlə ifadə edilə bilməyəcək qədər ağır idi. Amma qəlbimizdəki Vətən sevgisi bizi irəli getməyə, düşməni məhv etməyə, torpaqlarımızı azad etməyə səsləyirdi. Döyüş zamanı Qubadlı rayonunun Muradxanlı kəndində yaralanaraq qapalı kəllə-beyin travması aldım. Bu yara məndə həmişəlik travmalar yaratdı. Lakin artıq torpaqlarımızın düşmən tapdağından azad olunduğunu görmək bizə yaralarımızı unutdurur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəmcamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşam. Ötən günlərdə isə dövlətimiz tərəfindən mənzillə təmin olunmuşam. Bizə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdaram. 
    Göründüyü kimi, dövlətimiz tərəfindən şəhid ailələri, qazilər daim diqqət mərkəzindədirlər. Davamlı olaraq onların rifah səviyyəsinin yaxşılaşdırılması üçün mühüm addımlar atılır. Bu addımlar isə cəmiyyətimiz tərəfindən böyük minnətdarlıqla qarşılanır.

Sürəyya QƏDİMƏLİYEVA 
Bülbül Quliyeva

Nəşr edilib : 06.12.2023 18:41