AZ EN RU

Şəhid Rasim Ramazanovun xatirəsi əbədiləşdirilib

Bu gün torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhid Rasim Ramazanovun doğum günüdür. Qəhrəman şəhidimizin xatirəsi doğum günündə anılıb, doğulduğu Babək şəhərində onun adını daşıyan bulaq-abidə kompleksi istifadəyə verilib.

Bulaq-abidə kompleksinin açılış tədbirində Babək Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, Əlahiddə Ümumqoşun Ordunun zabitləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi və Şanlı Ordumuzun qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbədən fəxarətlə bəhs edib, şəhidin rəşadətindən söz açıblar.

Qeyd olunub ki, Rasim Ramazanov 1998-ci il iyulun 26-da Babək şəhərində dünyaya göz açıb. Vətən müharibəsində işğal altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə cəbhəyə atılıb, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rasim Ramazanov oktyabrın 19-da Xocavənd döyüşləri zamanı böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Rasim Ramazanov ölümündən sonra “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Tədbirdə şəhidlərin xatirəsinə həsr olunan şeirlər də səsləndirilib.

Tədbir iştirakçıları şəhidin Babək şəhərindəki məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Sonda şəhidin xatirəsinə ehsan süfrəsi açılıb.

Nəşr edilib : 26.07.2023 21:08