AZ EN RU

Şəhid Ramin Bağırovun mövlud günü qeyd olunub

44 günlük Vətən savaşında şəhidlik zirvəsinə ucalan Ramin Bağırovun mövlud günü ilə bağlı anım tədbiri keçirilib. Naxçıvan “Gənclik” Mərkəzində keçirilən tədbirdə öncə Vətən müharibəsi qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə şəhidin anası Səimə Bağırova və atası Nəriman Bağırov qəhrəman oğulları ilə bağlı xatirələrindən qürurla danışıblar. 

Tədbirdə iştirak edən Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən  Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf  Ruşanov 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib. Qazi, baş leytenant Arif Niftəliyev şəhid Ramin Bağırovun döyüş yolundan bəhs edib, Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidin valideynlərinə dərin ehtiramını bildirib.

Tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların valideynləri də çıxış ediblər.  

Sonda şagirdlər tərəfindən şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda mahnılar ifa olunub. Şəhidin ömür yoluna həsr olunan təsirli səhnə izləyicilər tərəfindən göz yaşları ilə izlənilib. 

 

Xəbərlər şöbəsi

Nəşr edilib : 16.04.2024 22:51