AZ EN RU

“Şəhid olsam, həmişə üstümdə daşıdığım bayrağı məzarımda başımın altına qoyarsınız”

Şamil Baloğlan oğlu Babayev

(26.01.1988-07.11.2020)

    Mənim balamın xatirələri bitib-tükənməz. Çox sakit uşaq idi. Yaxşı oxuyurdu. Nə hərbi liseydə, nə də ki akademiyada təhsil alarkən razı olmazdı ki, mən ora gedim. Deyirdi, atam gəlsin.

    Çox həvəsli idi hərbiyə. Özü seçmişdi hərbçi olmağı. Arzusunun arxasınca getdi. Hərbi liseyi bitirdi. İki il Bakıda, iki il də Türkiyədə təhsil aldı. Heç bir sirrini bizə deməzdi. Hətta müharibəyə getməyindən də xəbərimiz olmadı. 
    26 sentyabrda oğlunun ad günü idi. Gördüm narahatdı. Dedim, oğul, yorulmusan, get yat, dincəl. Dedi, yox ana, Yusifi (oğlunu) aparacam gəzməyə. 27 sentyabrda, səhər saatlarında evdən getdi.
    Son vaxtlara qədər danışa bilmirdik. Qardaşım dedi ki, bacı, Şamil Bərdədədir. Demə, Bərdə nədir, Şamil ön xətdə döyüşür. Bir gün televizora baxanda bir hərbçini ona oxşatdım. Gəlinə dedim ki, Şamili gördüm, Bərdədədir. Gəlin dedi ki, ana, nə Bərdə. Şamil ön xətdədir.
    Sonuncu dəfə zəng vurdu ki, ana, atamı yuxuda görmüşəm. Atam necədir? Dedim, oğul, atan lap yaxşıdır. Sən necəsən? Bildirdi ki, çox yaxşıyam. Hətta zarafata salıb dedi ki, iki kiloqram da kökəlmişəm. Məni bax belə dilə tuturdu. Telefonla danışanda qardaşına deyirmiş ki, anamı alışdır. Alışdır ki, mənə nəsə olsa, çox əziyyət çəkməsin. Kəndimizə gələn şəhidin yasından evə gəlirdim. Baxdım ki, mənə birtəhər baxırlar. Elə bil nə isə hiss etdim. Evdə uşaqlara dedim ki, Şamilə nə isə olub. Dedilər ki, nə ola bilər? Amma ana ürəyi hər şeyi hiss edir. Bildim ki, Şamil şəhid olub.
    Üzərində hər zaman bayraq gəzdirərdi. Döyüş yoldaşları danışırdılar ki, şəhid olmamışdan əvvəl vəsiyyət etdi. Dedi ki, şəhid olsam, həmişə üstümdə daşıdığım bayrağı məzarımda başımın altına qoyarsınız. Qəbri nurla dolsun! Elə bütün şəhidlərimizin!

Nəşr edilib : 03.03.2024 12:00