AZ EN RU

Şəhid Məmmədhəsən Sadıqlıya həsr olunmuş poema – “Dağlar qartalı”

    Xalqımızın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Qələbə yüzlərlə igid övladımızın qəhrəmanlığı, şəhadəti sayəsində mümkün oldu. Vətən müharibəsi Azərbaycanın igid və qəhrəman oğullarının şücaəti ilə dünya tarixinə yeni bir səhifə yazdı: o səhifə ki Azərbaycan əsgəri 30 ilin ən ağır hərbi maneə və əngəllərini məharətlə, əzmlə aşaraq düşmənə vurduğu sarsıdıcı zərbə ilə qazandığı böyük qələbədən bəhs edəcək. Dərin ağılın, məharətli diplomatiyanın, uzaqgörən siyasətin, əzm, şücaət və qəhrəmanlığın və əlbəttə ki, xalqla ordu, xalqla lider birliyinin və qardaş həmrəyliyinin nəticəsi olan qələbədən... Bu qələbənin, bilavasitə səbəbkarı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Ordusudur. Bu qələbənin əldə olunmasında Azərbaycanın bütün bölgələrinin qəhrəman övladları canları, qanları ilə əzmkarlıq göstərmiş, qəhrəmanlıq nümayiş etdirmişlər. Bu şanlı döyüşlərdə Naxçıvanımızdan olan qəhrəman, igid oğullarımız da iştirak etməklə Vətən tarixinə silinməz izlər, qəhrəmanlıq dolu səhifələr yazmışlar. 

    Bu qəhrəmanlarımız haqqında ədəbiyyat adamları qəhrəmanlıq dolu əsərlər yazır, onların igidliyindən bəhs edir, gələcək nəsillərə yadigar qoyurlar. Mərd və cəsur oğullarımızın şərəfinə bundan sonra da gözəl əsərlər yazılacaqdır. Onların qəhrəmanlığı elə şan və şərəfə malikdir ki, nə qədər yazsan, desən, azdır. Təkcə ona görə yox ki, bu Vətən övladları canları, qanları bahasına xalqımıza qələbə qazandırıblar. Həm də ona görə ki, onların hər biri bizim özümüzdür və onlar Vətən naminə göz qırpmadan sərhəd dirəyi olublar, ürəkləri ilə tank əvəzi, top əvəzi döyüşüblər. Vətən naminə həyatlarından keçiblər. Onlar həyatlarından keçib ki, təki Vətən yaşasın!.. Onlar canlarından keçib, təki Vətən var olsun, torpaqlarımız qorunsun, ərazilərimiz işğaldan azad olunsun!.. Onlar həyatlarından keçdi, amma qalanlara həyat verdilər, şan verdilər, xalqımıza, Vətənimizə ucalıq, qürur, məğrurluq qazandırdılar. Azərbaycan övladları hərb meydanında özlərini şərəfli döyüşçü və qalib olaraq təsdiq etdilər. Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədhəsən Sadıqlı da məhz həmin şərəfli döyüş yoluna malik qəhrəmanlarımızdan biridir ki,  şəhidimizin həmkəndlisi şair Alməmməd Eldaroğlu “Dağlar qartalı” adlı poemasını ona həsr etmişdir. 
    Poemanın epiqrafı hesab oluna bilən “Vətən harayı” başlığı altında müəllif yazır: “44 günlük Vətən müharibəsi xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Bu hərflər şəhid qanı idi”. Bu mənada, əsərdə işğal olunmuş müqəddəs torpaqlarımızın azadlığı yolunda “uf” demədən can verən yüzlərlə igid, qəhrəman övladlarımızdan biri kimi Məmmədhəsən Sadıqlının qəhrəmanlıq dolu obrazı yaradılıb, həyatı və döyüş yolu yüksək poetik məharətlə əks etdirilib. Poemanın “Proloq”, “Vətən oğlu, zamandı gəl”, “Vətən keşiyində dağlar qartalı”, “Həmrəylik nəğməsi”, “Dəmirçi”, “Şəhadətə çatan şəhid”, “Baharı payız olan ana”, “Dağlar qartalı”, “Uğur sizin uğurdur”, “Demişdin gələcəm, gəl, Məmmədhəsən”, “Necə unudum səni?”, “Ruhun səsi”, “Uğur”, “Vətən oğlu”, “Ozan səsi”, “Biz bundan sonra həmişə müzəffər xalq və qalib dövlət kimi yaşayacağıq”, “Dağlar” və “Epiloq” kimi bölmələrində şəhid Məmmədhəsən Sadıqlının həyat və ömür yolunun, qəhrəmanlıqlarla dolu döyüş yolunun müxtəlif səhifələri əks olunub. 
    Poemanın girişində şair torpaqları xain qonşular tərəfindən işğal edilmiş bir Azərbaycan övladının 30 illik döyüş arzusunu ifadə etmişdir:

    Başsız atlıların bu qurd yuvası,
    Boşboğaz danışıb qatır savaşı.
    Allahdan çalına “Cəngi” havası,
    İşləyə yumruğum, biləyim mənim.
    
    Ələnək torpağa yağış, doluyla,
    Vətənə yol açaq Vətən yoluyla.
    Qovuşaq Xəzərə Araz qoluyla
    Sevinsin qoy ana Vətənim mənim.

    Şairin Məmmədhəsən Sadıqlının dilindən verdiyi bu arzu yüzlərlə Azərbaycan igidinin arzusu kimi ümumiləşmişdir. Bu arzuda torpaq harayı var, qeyrət fəryadı var, azadlıq üsyanı var – işğal olunmuş müqəddəs torpaqlarımızın azad olmaq arzusunu ifadə edən qeyrətli Azərbaycan övladlarının döyüş arzuları, qeyrət fəryadıdır bu misralar! 
    Sonrakı bölmələrdə şəhid Məmmədhəsən Sadıqlının döyüş yolu, həyatından parçalar, şəhadəti əks edilmişdir. Vətən çağırışından sonra torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində döyüşlərə qatılan Məmmədhəsənin “dağlar qartalı” kimi qəhrəmancasına keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıq və şücaət poetik ustalıqla təsvir edilmişdir. Şair şəhid qəhrəmanın poetik təsvirini bir qəhrəmanlıq öygüsü ilə tərənnüm edir:

        Əhsən, səndə olan  yurd sevgisinə,
        Oylağı sevməkdə qurd sevgisinə.
        Zəfər sevgisinə, Uğur eşqinə,
        Vətən harayında yardan aralı,
        Hər kəsi mat etdi Dağlar Qartalı.

    Poemanın bölmələrindən biri Qarabağa – Şuşaya qayıdışın xoşbəxtlik və zəfər duyğularını ifadə edir. Müzəffər Ali Baş Komandanın Şuşanın alınmasından sonra ulu öndər Heydər Əliyevin məzarı üzərinə gedərək Azərbaycan xalqına səslənişinin notları üzərində bu bölməni yazan müəllif bu kəlmələri hər şəhidin, hər qazinin səsləndirdiyi “Qələbə marşı”nın sözləri kimi təqdim edir:

        Salam! Əziz Şuşa, biz qayıtmışıq.
        Bu gələn ordunun səsi, ünüdür.
        Üçrəngli bayrağı uca sancmışıq,
        8-i Noyabr Zəfər Günüdür!

    Beləliklə, poema Azərbaycanın Vətən müharibəsi qəhrəmanlarından biri olan şəhid Məmmədhəsən Sadıqlının əziz xatirəsinə həsr edilməklə həm də bütövlükdə, Vətən övladlarının əziz xatirəsinə ithaf olunmuş,  bir qəhrəmanın timsalında bütün igid övladlarımızın qəhrəmanlıq və şücaət dolu döyüş yolları poetik istedad və ustalıqla ümumiləşdirilmiş, obrazlaşdırılmışdır.  

Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 09.09.2022 21:16