AZ EN RU

“Şəhid əmanəti“ adlı rəsm sərgisi keçirilib

Naxçıvan Dövlət Universiteti və “Naxçıvan Qaziləri” İctimai Birliyinin birgə təşkilatçılğı ilə birinci Qarabağ müharibəsi qazisi, rəssam Şəmsəddin Böyükdüzlünün əsərlərindən ibarət “Şəhid əmanəti“ adlı rəsm sərgisi keçirilib.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib və müharibədə şəhadət zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qəhrəman hərbçilərimizin keçdiyi döyüş yolu haqqında məlumat verib, ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb, sərginin mənəvi əhəmiyyətini diqqətə çatdırıb. “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini Əli Əlisoy çıxışında vurğulayıb ki, son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən tədbirlər həyata keçirilir.
Birinci Qarabağ müharibəsi qazisi, rəssam Şəmsəddin Böyükdüzlü çıxışında sərginin xalqımızı şanlı qələbə yolunda Vətən uğrunda canını fəda edən bütün Vətən oğullarımızın əziz xatirəsinə ithaf edildiyini qeyd edib.
Sonra sərgiyə baxış olub və Naxçıvan şəhidlərinin portretləri ailə üzvlərinə təqdim olunub.

Nəşr edilib : 13.11.2023 18:08