AZ EN RU

Şəhid əmanəti

Onlara daim diqqət və qayğı göstərilir

Şəhid əmanəti! Bu elə bir kəlmədir ki, özündə böyük, yaşanmış bir həyat hekayəsi vardır. Bu hekayə sevincli, kədərli, qürurlu, bir o qədər də ibrətamizdir. Bu, şanlı Vətənin qeyrətli oğullarının hekayəsidir. Bəli, onlar tarixdən heç vaxt silinməyəcək bir hekayə yazdılar. Zəfər hekayəsi, Zəfər dastanıdır onun adı. Bizə isə gedərkən bir ömür qürur duyacağımız tarixi Qələbəni, bir də daim onları xatırladacaq canlarından, qanlarından olan doğma övladlarını əmanət etdilər... 
Vətəni sevmək, ona sonsuz məhəbbət bəsləmək, hər qarışı üçün canından keçməyi gözə almaq bu cəsur ürəkli oğulların əsas qayəsi idi. Hansı ki onlar “Vətən oğlu” adını şərəflə daşıdılar. Vətəninin dar günündə birlik olmağı bacardılar, düşmənə qan uddurdular, son damla qanlarınadək döyüşdülər və nəhayətində şanlı Qələbəni xalqımıza bəxş etdilər. Sırf xalqımız bundan sonra rahat yaşasın, daha torpaq, yurd həsrəti çəkməsin, uşaqlarımız o torpaqlarda əbədi yaşasınlar deyə. Yalnız seçilmişlərə qismət olan o yüksək mərtəbəyə – ŞƏHİDLİK məqamına yüksəldilər. Həmin oğullardır ki Şuşanı əlbəyaxa döyüşərək azad etdilər, həmin oğullardır ki Suqovuşana, Lələtəpəyə, Günnütə, Füzuliyə, Cəbrayıla, Zəngilana, Laçına, Xankəndiyə bayraq sancdılar. Müstəqillik rəmzi üçrəngli bayrağımızı işğaldan azad etdikləri torpaqlarımızda əbədi qaldırdılar. Hərbi rütbələri müxtəlif olsa da, amalları, məqsədləri bir idi onların: “Öldü var, döndü yoxdur!”, “Təki Vətən sağ olsun!”
Hərəsi bir evin, bir ailənin övladı idi. Hansı ki yüksək ali keyfiyyətlərə malik ailədə doğulub, böyümüş, tərbiyə almışdılar. Zəhmətkeş, hünərli, vətənpərvər ailələrdə. İki övladı şəhid olmuş, üçüncüsü də olsa, onu da Vətən yolunda qurban verməyə hazır, güclü, iradəli ata, anaların övladları idilər. İndi o ata, analar hamımızın atası, anası oldular. Bu gün həmin mənəvi keyfiyyətlərə malik ailələrdə şəhidlərimizin əmanətləri böyüyür. Onların gözündə ataları bir qəhrəmandır. Hansı ki o qəhrəmanlıq nağıllarında oxuduqları, nənə-babalarından dinlədikləri qorxunc divə qalib gələn qəhrəman. Onlar da böyüyəndə ataları kimi yenilməz, güclü, qəhrəman olmaq istəyirlər, ataları ilə fəxr edirlər. 
Bu uşaqlar bizə şəhidlərimizin əmanətidir. Bu gün şəhidlərimizin əmanətləri dövlətimizin daim diqqət və qayğısı ilə əhatələniblər. Ölkə başçısı Prezident cənab      İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid, qazi   ailələrini, övladlarını daim diqqətdə saxlayır. Onlarla görüşləri, səmimi söhbətləri, mehribanlıqları uşaqları sevindirir. Uşaqların təhsili, sağlamlığı, vaxtlarının səmərəli təşkili, müxtəlif tədbirlərdə, bayram şənliklərində iştirakı təmin edilir, onların doğum günləri, şad günləri qeyd edilir, onlara dövlət tərəfindən verilən yeni mənzillərində rahat şəkildə yaşayırlar. Bütün bunlar şəhid əmanətlərinə göstərilən qayğının bariz nümunələridir.
Şəhidlərimizin əziz xatirəsi daim yaşadılır. Qısa, lakin şərəfli bir ömür yaşayaraq əbədiyyətə qovuşmuş şəhidlərimiz hər birimizə örnəkdir. Şəhid uşaqları isə bu Vətənə, xalqa əmanətdir. Əmanətə sahib çıxmaq, onları qorumaq, daim qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 01.06.2024 09:50