AZ EN RU

Şəhid baş leytenant Nihat Quluzadənin əziz xatirəsinə

Torpaq uğrunda ölən varsa, Vətəndir. Nə xoş halına, Azərbaycanım! Hər qarışında, hər daşında minlərlə övladının sənin uğrunda tökdüyü qanı, mavi səmanda müqəddəs ruhları var. Nə əzizsən ki, Vətən, ömrünün ən gözəl çağlarını yaşamadan “öncə Vətən!” deyərək düşmənin üstünə atılan, onu məhv edərək səni azadlığına, hürriyyətinə qovuşduran oğulların, qızların var. Necə böyük dəyərsən ki, “bir ölər, min dirilərik” deyərək hər kəndində, hər ocağında sənin gələcəyin, istiqbalın üçün qəhrəman övladlar yetişdirilir. Sənin ucalığından, əzəmətindən, müqəddəsliyindən güc alaraq böyüyür Azərbaycan övladları. Sən elə bir ümidsən ki, xoşbəxtliyimiz sənin gücündə, sənin böyüklüyündədir.Vətənim, sən o qədər ali dəyərsən ki minlərlə övladın uğrunda şəhidlik zirvəsinə yüksəlib. 
    Elə şəhid baş leytenant Nihat Qasım oğlu Quluzadə kimi. Nihat 24 yanvar 1997-ci ildə Ordubad rayonunun Unus kəndində dünyaya göz açmışdı. Zəhmətkeş ailənin sonbeşiyi, tək oğul övladı idi. Uşaq vaxtından sakit təbiətli olsa da, verdiyi sözü nə bahasına olursa-olsun, yerinə yetirər, fikirlərini, istəklərini söyləməkdən çəkinməzdi. Nihat məktəbdə təhsil aldığı müddətdə qərar vermişdi hərbçi olacağına. 
    Onun arzusu nə qədər gözəl olsa da, valideynləri oğlunu gözündən uzağa qoymaq istəmir. Amma Nihatın qəti mövqeyi valideynlərinin də razılığı ilə nəticələnir. Nihat 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. 2014-cü ildə hərbi liseyi bitirdikdən sonra Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Motoatıcı taqım komandiri ixtisası üzrə təhsilini davam etdirir. 2018-ci ildə leytenant hərbi rütbəsi alaraq ordu sıralarında taqım komandiri kimi xidmətə başlayır. Nihat əsgərlərinə həm komandir olur, həm də dost-qardaş. Hər biri ilə maraqlanır, köməyini əsirgəmir. Əsgərlərini əsl vətənpərvər döyüşçü kimi yetişdirir. Çünki o bilirdi ki, möhtəşəm Zəfər çox yaxındadır. 
    Azərbaycan tarixinin ən şanlı səhifəsi 27 sentyabr 2020-ci ildə yazılmağa başladı. Onu yazanlar isə Nihat kimi minlərlə Azərbaycan oğlu idi. Nihat Quluzadə 44 günlük Vətən müharibəsi başlayan gündən döyüşlərdə şücaətlə vuruşur. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu postun düşməndən alınmasında böyük hünər göstərir, elə bu döyüşlərdə də yaralanır. Silahdaşlarını tək qoymaq istəməyən Nihat yaralı halda 8 saat döyüşləri davam etdirir. Nihat Azərbaycan Ordusunun Şanlı Zəfərinə kimi xəstəxanada müalicə alır, bu barədə isə ailəsinə heç nə bildirmir. Alınmaz qala Şuşanın işğaldan azad olunmasını, möhtəşəm Zəfər xəbərini gözyaşları və qürurla qarşılayır.
    2021-ci ilin 2 fevralında Nihat bir qəhrəman kimi doğma yurdu Naxçıvana gəlir. Qəhrəmanı tanıyanlar onu qarşılamaq üçün Quluzadə ailəsinin ocağına toplaşır. 
    Çox keçmir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunur. Sinəsində fəxrlə gəzdirdiyi bu orden və medallar gənc zabitə böyük stimul verir. Nihat 2021-ci ildə baş leytenant hərbi rütbəsini alır və “Komando” kursunu bitirərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində komando kimi xidmətini davam etdirir.
    Nihat hər məzuniyyətində doğma yurduna üz tutur. Ailəsi ilə görüşəndən sonra getdiyi ilk yer isə şəhid ailələri olur. Şəhid ailələrini ziyarət etmək, onların dərdinə şərik olmağı hər zaman özünə borc bilən Nihat deyirdi ki, şəhidlik çox yüksək mərtəbədir, hər adama qismət olmur. Onda Nihatın bəlkə də ağlına gəlmirdi ki, bir gün Quluyevlər ailəsi də onun şəhadəti ilə şəhid ailəsi olacaq...
    2023-cü il sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başlayır. 23 saat davam edən əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilir. Qondarma rejim və terror qruplaşmaları təslim olmağa, silahı yerə qoymağa məcbur edilirlər. Bununla da Azərbaycan ərazi suverenliyi tam bərpa olur. Minlərlə şəhidin uğrunda canını verdiyi, son mənzilə bükülüb yola salındığı üçrəngli Azərbaycan Bayrağı Xocalıda, Xankəndidə, bütöv Azərbaycanda dalğalanır. Komando baş leytenant Nihat Quluzadə isə antiterror əməliyyatı zamanı müqəddəs şəhidlik zirvəsinə yüksəlir...
    Sentyabrın 21-i Naxçıvan əhli yenidən yollara axışır. Bu dəfə şəhid övladını qarşılamaq üçün. 3 il öncə qazi kimi qayıtdığı doğma yurduna bu dəfə ən yüksək mərtəbəyə ucalan şəhid kimi gəlir Nihat. 
    Sən görmüşdün şəhid müqəddəsliyini. Axı sənə tanış idi minlərlə həmvətənin əllərində bayraq, dillərində “Şəhidlər ölməz, Vətən bölünməz” nidaları. Sən də qəlbində Vətən eşqi, bağrında dost yanğısı ilə yürümüşdün onlarla şəhid cənazəsi arxasından. Bəlkə də, içdən-içə arzulamışdın bu müqəddəs zirvəni. Uğrunda canını fəda etdiyin torpağın, xalqın səni doğma övladı kimi basdı bağrına. Sənin şərəflə daşıdığın hərbi formadan geyinən balacalar, analar, qızlar, gəlinlər, səni özünə qəhrəman seçmiş oğullar – hamı yollara düzülüb səni qarşıladı, Nihat.    
    Qısa ömürə böyük qəhrəmanlıqlar sığdırmaq hamıya qismət olmur. Hər kəs yaddaşlarda əbədi yaşamır. Azərbaycan var olduqca siz də yaşayacaqsınız, şəhidim. Aldığımız hər nəfəsdə, qazandığımız hər uğurda, Qarabağda açan hər çiçəkdə, yenidən evinə qayıdan hər həmvətənimiz qəlbində sizi anacaq, sizinlə qürur duyacağıq. Xatirələrdə gözəl qalacaqsınız. Sağ olasan, Vətən!

Lalə Allahverdiyeva

Nəşr edilib : 17.01.2024 15:06