AZ EN RU

Şəhid atası oğlunun şəhadət şərbəti içdiyi yerdə olub

Yollar  dünyada həsrətin başlanğıcı, vüsalın adıdır. O yollar ki insanları bir- birinə qovuşdurur. Hərənin isə gözlədiyi bir yol var. Kimi uzaqlarda olan oğlu, qızının, kimisi atasının, anasının  yolunu gözləyir. Amma yollara dikilən baxışlar təkcə insanlara aid deyil, torpaq  da yol gözləyir, onun da həsrətində qaldığı əzizləri olur. İllərlə Qarabağımız da öz əzizlərinin yolunu gözlədi. Həsrətdən gözlərinə qor düşdü. Vüsalına qovuşanda bağrına basdı öz əzizlərini. Şuşanın, Laçının Kəlbəcərin yollara dikilən gözlərinə 2020 –ci ildə nur gəldi. Çünki igid oğulları öz canları ilə ona gələn yolları qarış –qarış düşməndən azad etmişdilər. Artıq üç ildir ki, yollar bizi qələbəyə aparır. Zəfər yolu doğmalarını öz əziz yurdlarına qaytarır. Addım –addım şəhid qanı ilə geri qaytarılan o yolların sonundakı Günəşin şəfəqləri bütöv Azərbaycanı işıqlandırır. 30 illik intizar bitib artıq. Qəhrəman oğullarımızın öz canı bahasına açdığı Zəfər yolundan keçib  yurduna qayıdan hər bir kəs onların ruhuna minnətdardır. Zəfər yolunun memarları -şəhid oğullarımız valideyinləri də bu yola doğma Şuşaya, Laçına yol alanda igid balalarının qəhrəmanlığına bir daha şahid olurlar. Naxçıvanın mərd oğullarından olan Vətən müharibəsi şəhidi Tağı Abdullazadənin atası İlham Abdullayev də həmin zəfər yolundan keçərək oğlunun şəhadət şərbəti içdiyi Xocavənd rayonunun Tuğ kəndinə gedib, igidlərimizin qəhrəmanlıq göstərərək azad etdikləri yerləri ziyarət edib. Həmsöhbət olduqda fikirlərini bizimlə bölüşən İlham Abdullayev dedi ki, müharibə bitəndən sonra ən böyük arzusu bu yerləri görmək olub. Oğlunun, oğullarımızın qəhrəmanlıqla açdığı Zəfər yolundan keçəndə insan bir daha şahid olur qəhrəman Azərbaycan əsgərinin şücaətinə. Fəxr edirik ki, belə igid oğullar böyütmüşük. Onların sayəsində Azərbaycan bütövləşdi, Vətənimizin üzü güldü. İndi artıq həyat yenidən qayıdır Qarabağa. Tuğ kəndi, Şuşa cənnətə dönür, Laçın laçın vaxtlarına geri dönür. Bütün bunları görən şəhid ruhları sevinir.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 19.06.2023 17:06