AZ EN RU

Şəhid anası: “Şuşada torpağı iyləyəndə övladımın ətrini duydum”

Naxçıvandan olan şəhid ailəsi üzvləri  Şuşa səfəri çərçivəsində övladlarının şəhidlik zirvəsinə yüksəldiyi yerləri də ziyarət etdilər. Onlarla  Şuşa  şəhərində həmsöhbət olduq. Xocavənd rayonunun Qızılqaya yüksəkliyində şəhidlik zirvəsinə ucalan Elnur Zeynalovun anası Məlahət ana oğlunun şəhadət şərbəti içdiyi yerləri ziyarət edib Şuşaya qayıdanda keçirdiyi qürur hissi üzündən oxunurdu, “Ürəyim yansa da, o yerləri görməyi özümə borc bilirdim”, – deyir şəhid anası. Oğlum leytenant rütbəsini alıb xidmətə başlayanda fərəh hissi keçirdim. “Oğul, Vətəni məndən əziz bil ki, daşıdığın formanın da haqqını verə biləsən”, – dedim. Sağ olsun, ayaq açıb yeridiyi torpağı anasından çox sevib canını ona qurban verdi. Bu gün burada gözümdən axan yaşlar Vətən torpağına düşdükcə hiss etdim ki, torpaq da qəlbimdəki oğul nisgilini duyur. O da dil açıb şəhid valideynlərinə minnətdaram deyir. Şəhid Ramil Əliyevin atası Qurban ata həyat yoldaşı ilə gəlib müqəddəs şəhərə. Bildirdi ki, Füzulidə igid oğulların düşmənin “keçilməz” sədd adlandırdığı Ohanyan səddini yardığı, əks-hücumun başladığı həmin o müqəddəs yerdə dayananda bir daha necə güclü bir orduya sahib olduğumuza əmin olublar. Vətənin nə qədər əziz olduğunu igid oğullarımız sübuta yetirərək alnımızdakı qara ləkəni sildi, onlar xalqımıza qələbə bəxş edən qəhrəmanlar olaraq daim qəlblərdə yaşayacaqlar, – deyir şəhid atası. Dövlətimiz var olsun ki, bizə şərait yaratdı gəlib bu hər qarışı şəhid qanı ilə sulanan torpaqları ziyarət etdik.

Amin Gülməmmədovun anası İntizar xanım dedi ki, oğlunun son dəfə nəfəs aldığı yerləri izlədikcə, oğullarımızın necə çətin yollardan keçdiyini gördükcə ürəyi dağa dönür. Bildirir ki, şəhid ailələrinə göstərilən yüksək qayğı sayəsində övladlarımızın son addımını atdığı, son nəfəsini verdiyi  yerləri gördük. Aminin nəfəsini duydum oralara ayaq basanda. Onu hiss etdim ki, nur üzlü balamın da ruhu sevinir. Şuşa şəhərini gəzdikcə hər an Aminimi xatırladım. Axı onun da ən böyük arzusu buranı azad etmək idi. O, arzusuna çatdı, Vətəni bütöv edənlərdən oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bayrağımız uca olsun daima. Şuşada Gövhər ağa məscidində dua edib xalqımıza sülh və əmin-amanlıq dilədim.

Şəhid anası Aytən Eyvazova Vətən müharibəsinin qəhrəmanlarından biri olan İslamın anasıdır. Deyir  ki, Şuşanı ziyarət etmək şəhidlərin ruhunu şad edir. Çünki Vətən müharibəsində döyüşən hər bir hərbçinin ən böyük arzusu Şuşanı azad etmək idi. Onlar ürəyimizdə sönməz atəşə dönüb bir ovuc torpağa qurban getdilər. Qələbə qazanıb qayıtdılar evimizə. Yolboyu gəldikcə baxıram uca dağlara, gen çöllərə, addımbaşı rastlaşdığım xarabaya bənzər kəndlərə.  Deyirəm ki, İlahi, biz nə qədər qəddar düşmən ilə qonşuyuq. Necə insanlıqdan uzaq imişlər ki, məscidləri belə tövləyə çeviriblər. Yaşıllıqlar içindən boylanan, düşmənlər tərəfindən xarabaya çevrilən kəndlərə baxanda adamın ürəyi ağrıyır. Amma biz əminik ki, hər qarışı şəhid qanı ilə sulanan torpağımız dirçələcək, abadlaşacaq. Müharibədən keçən dörd il ərzində abadlaşan yurdlarımızı görəndə buna bir daha əmin oluruq. Şuşa şəhərini gəzdikcə, yaradılan gözəllikləri gördükcə ürəyimiz fərəh hissi ilə dolub daşdı. Var olsun dövlətimiz.

Şəhid Əli Əliyevin atası Cavad ata həyat yoldaşı ilə birlikdə Laçın rayonunun Minkənd kəndində şəhid olan oğullarının son dəfə döyüşdüyü yeri ziyarət edib qəhrəman oğullarının azadlığı uğrunda canından keçdiyi torpağa ayaq basanda duyduqları qürur hissi gözlərindən oxunurdu. Cavad ata Əlinin Vətən müharibəsində iştirak etdiyindən danışır. Bildirir ki, illərdir, işğalda inləyən torpaqlar azad olsun, – deyə yüzlərlə oğul öz canından keçdi. Övladlarımız Vətənin bir parçası olan Qarabağı bizə qaytarmaqla həm də qeyrətimizi, milli dəyərlərimizi özümüzə qaytardı. Onlar illər öncə tapdalanan namusumuzu pak etdilər. Bu gün Laçına, Şuşaya, Füzuliyə rahat şəkildə gələ biliriksə, bu, qəhrəman ordumuzun sayəsindədir. Müzəffər Sərkərdənin siyasi gücü hesabına Xocalıya, Xocavəndə həyat qayıdır. Bu Vətən var olduqca, şəhidlik zirvəsinə ucalan oğulların da ruhu şad olacaq. Onlar əbədi yaşayacaq.

Şəhid Ümid Novruzlunun övladları Bahadur və Nilay atalarının şəhidlik zirvəsinə ucaldığı Daşaltını ziyarət edib qayıdanda azad Şuşada istədikləri kimi gəzib-dolaşanda onları bütün Azərbaycan şəhidlərinin övladlarının timsalında görürəm. Və deyirəm ki, bu gün bu bayraq Şuşa, Xankəndi səmasında qürurla dalğalanırsa, bu sizin kimi övladların atalarının canı bahasına olub. Haqqınızı bu xalqa halal edin, ata sevgisini soyuq məzar daşları ilə əvəz edən körpələr. Bu Vətən daim şəhid övladlarına minnətdar olacaq.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 29.03.2024 12:59