AZ EN RU

Şəhid anaları: “Bu Zəfər, Qələbə gününü bizlərə yaşadan müzəffər Ali Baş Komandanımızla, vətənpərvər oğullarımızla fəxr edirik”

8 noyabr- Zəfər Günündə Babək şəhərində “Şəhidlər Parkı” memorial kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə dövlət, hökumət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. Tədbirdən sonra şəhid ailə üzvləri Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı tarixi Zəfər və bu zəfərdə əvəzsiz payı olan oğullarla bağlı fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşüblər.

          Şəhid Zamin Məmmədovun anası Nərgiz Həsənova:- Mənim oğlum baş leytenant kimi Ağdam rayonunun “N” hərbi hissəsində Vətənə qulluq edib. Nişanlı idi, ancaq izin vermədi toy edim. Dedi torpaqlarımız alınsın sonra ailə həyatı quraram. Qəlbi daim Vətən sevdası, eşqi ilə döyünürdü. Bütün qəhrəman oğullarımız kimi onun da bir amalı var idi: Əzəli yurdumuz Qarabağımızı azad etmək. Təəssüf ki, bu arzusuna sağ ikən çata bilmədi. Ancaq bu gün ruhu şaddı. Çünki silahdaşları onu istəyinə çatdırdı. Bu gün bütün Azərbaycan xalqı sevinir, qürurlanır, fərəh hissi keçirir. Bütün bu yüksək duyğuları bizə cənab Ali Baş Komandanımız və qəhrəman oğullarımız yaşadıb. Torpaqlarımızın tamamilə azad olunduğu Zəfər günündə səhər saat 6-da Zaminin məzarını ziyarət etdim və dedim ki, gözün aydın oğul, qanın yerdə, arzun ürəyində qalmadı. Bu gün biz şəhid ailələri dövlətimizdən çox razıyıq, hər birimizə qayğı, ehtiram göstərilir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, bayrağımız daim ucalarda olsun. Zəfər Günümüz mübarək!

          Şəhid baş leytenant Allahyar Telmanlının anası Nuriyə Əkbərova:- Oğlum Allahyar 2016-cı ildə Aprel döyüşlərində iştirak edib, silahdaşını döyüş meydanından çıxarmaq istəyərkən snayperlə başından vurulub. Göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunub. Yaralı olmasına baxmayaraq ürəyindəki Vətən eşqi onu II Qarabağ müharibəsində də iştirak etməyə sövq etdi. Allahyar kəşfiyatçı idi. O Füzulidən başlayaraq Hadruta qədər döyüş yolu keçdi. Xüsusilə Füzuli xəttinin yarılmasında böyük şücaət göstərdi. Cəbrayılın Nüzgar kəndinə üçrəngli bayrağımızı məhz övladım Allahyar sancdı. Bu Zəfər, Qələbə gününü bizlərə yaşadan bütün oğullarla fəxr edirik. “Dəmir Yumruğ”u düşmənin başına endirən Ali Baş Komandanımızla qürur duyuruq. Oğlum hər zaman deyərdi ki, ana, biz şəhid olarıq siz yaşayarsınız. Bu gün azad, firavan şəkildə yaşamağımız şəhid övladlarımızın, qazilərimizin hesabınadır. Xalqımız uğrunda canından keçən əziz övladlarını heç zaman unutmayacaq. Qazilərimiz bizim canlı şəhidlərimizdir, onların gənclərimizin, uşaqlarımızın vətənpərvər böyüməsində böyük xidmətləri olacaq. Bir daha bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə təbrik edirəm. Gözümüz aydın olsun!

Nail ƏSGƏROV

Nəşr edilib : 08.11.2023 17:13