AZ EN RU

Şəhid ailəsi ziyarət olunub

“Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin ildönümü münasibətilə “Qisasın alındı Xocalı” adlı tədbirlər çərçivəsində ötən ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olan igid Vətən oğullarının məzarları və ailələri ziyarət edilir. Şahbuz, Şərur, Ordubad rayonlarında və Naxçıvan şəhərində dəfn edilən şəhidlərimizin məzarları və evləri  qazilərimiz və ictimai birliyin könüllüləri tərəfindən ziyarət ediləcək. Tədbirlər üç gün davam edəcək.

Bu gün ictimai birliyin Şərur rayonundan olan üzvləri antiterror əməliyyatı zamanı şəhadətə yüksələn Şərur rayon Yengicə kənd sakini baş leytenant Elçin İbrahimlinin məzarını və yaşadığı evi ziyarət ediblər. Şəhidin yaşadığı evdə yaradılan guşə ilə tanış olan qazilər onun qəhrəmanlığından danışıb. Birliyin sədr müavini Əli Əlisoy bildirib ki, nə qədər bu Vətən yaşayır igid oğullar da yaşayacaq. Onların xatirəsi xalqımızın qəlbində əbədidir. Bu gün onların ruhu şaddır, çünki uğrunda canlarından keçdikləri Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Birliyin Şərur rayon üzrə bölməsinin sədri Ceyhun Davidov qeyd edib ki, dövlətimizin ən dəyərli sərvəti onun vətənpərvər insanlarıdır. Vətənini sevən igidlərin sayəsində bu gün doğma elimiz azaddır. Onların igidliyi sayəsində Xocalıya, Xankəndiyə həyat qayıdır

Şəhidin anası Aynur İbrahimli qeyd edib ki, övladını itirmiş bir valideynin ürəyindəki dərdi heç nə sağalda bilməsə də, dövlətimizin qayğısı dərdimizə məlhəm olur. Bizim bütün şəhid ailələrinin bircə təsəllisi var: əzizlərimizin xatirəsinə ehtiramla yanaşılır, onlar unudulmur.

Qeyd edək ki, şəhid Elçin İbrahimli 1997-ci il sentyabr ayının 26-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. O, orta təhsilini Şərur rayonu Yengicə kənd tam orta məktəbində almışdır. Elçin İbrahimli təhsilini 2012-ci ildən Hərbi Liseydə davam etdirmişdir. O, 2015-ci ildə Bakıda yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. Elçin İbrahimli 2019-cu ildə təhsilini bitirərək leytenant hərbi rütbəsi almışdır və Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə mühəndis-istehkam taqım komandiri vəzifəsində xidmətə başlamışdır. 2022-ci ildə Goranboy rayonunda yerləşən “N” hərbi hissədə mühəndis-istehkam bölük komandiri olaraq xidmətini davam etdirmişdir. 2022-ci il iyun ayının 26-da baş leytenant hərbi rütbəsi alıb. “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

          Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 23.02.2024 15:18