AZ EN RU

Şəhid ailələrinin və müharibə iştirakçılarının hüquqlarının müdafiəsi diqqət mərkəzindədir

    Noyabrın 3-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə muxtar respublikada şəhid ailələrinin və müharibə iştirakçılarının hüquqlarının müdafiəsini həyata keçirən dövlət və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə dəyirmi masa keçirilib.
   8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunmuş dəyirmi masada Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Səhiyyə nazir­liklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, o cümlədən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. 
    Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Asiman Abbasov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikamızda şəhid ailələrinin və müharibə iştirakçılarının hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
    Tədbirdə şəhid ailələrinə və müharibə iştirakçılarına sosial xidmətlərin göstərilməsi, onların reabilitasiyası, məşğulluqlarının təmin edilməsi, o cümlədən “şəhid” və “şəhid ailəsi” statusunun əldə edilməsi, “müharibə veteranı” adının və vəsiqəsinin, sağlamlıq imkanları məhdudluğun müəyyən edilməsi üçün arayışların verilməsi, onlara tibbi yardımın və digər səhiyyə xidmətlərinin göstərilməsi istiqamətində görülmüş işlər müzakirə olunub.
    Tədbir qarşılıqlı diskussiya şəklində davam etdirilib.

Naxçıvan Muxtar Respublikası İnsan 
Hüquqları üzrə Müvəkkilinin 
(Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 03.11.2022 21:42