AZ EN RU

Şəhid ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır

    Şərur rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Vətən müharibəsi şəhidi Kamal Əbilovun ailə üzvüləri ilə görüşüb, ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olublar. 
    Görüş zamanı Şərur rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, Azərbaycan tarixinin zəfər salnaməsi olan Vətən müharibəsində Şərur rayonundan olan hərbi qulluqçular da əsl qəhrəmanlıq göstərərək şəhid və qazi kimi müqəddəs zirvəyə yüksəliblər. Qeyd olunub ki, bu kateqoriyadan olan şəxslər dövlət tərəfindən lazımi səviyyədə dəyərləndirilir, onlara fəxri adlar verilir, müavinətlər təyin edilir, şəhidlərimizin xatirələri əbədiləşdirilir, şəhid ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır.

    Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev qeyd edib ki, muxtar respublikamızda müharibə iştirakçıları və şəhid ailələri diqqət və qayğı ilə əhatə olunur, onların sosial məsələlərinin həllinə xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində şəhid ailələri və müharibə zamanı sağlamlıq imkanlarını qismən itirmiş şəxslər mənzil və avtomobillərlə təmin olunur. Məşğulluq sahəsində keçirilən tədbirlərdə bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, hərbi əməliyyatlar zamanı sağlamlığını qismən itirmiş insanlara müvafiq reabilitasiya xidmətləri göstərilir.
    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı əsasında yaradılmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu”na könüllü ianələrin ödənişi davam etdirilir. Fondun vəsaitləri hesabına bir çox ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılır, muxtar respublikadan kənarda müalicə alanların xərcləri qarşılanır. Müvafiq kateqoriyadan olan şəxslərin kredit borcları və təhsil haqları ödənilir. 
    Nicat Babayev muxtar respublikada şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. 
    Qeyd edək ki, ötən dövr ərzində şəhid Kamal Əbilovun ailəsinə məxsus evdə zəruri təmir-bərpa işləri aparılıb. Bununla yanaşı, şəhidin anası Kəmalə Əbilova özünüməşğulluq proqramına cəlb edilib, fərdi təsərrüfatını qurmaq üçün aktivlərlə təmin olunub.
    Şəhid anası Kəmalə Əbilova görülən bu işlərə, göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.10.2022 19:09