AZ EN RU

Şəhid ailələrinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi və “Naxçıvan şəhid ailələri” İctimai birliyinin təşkilatçılığı ilə şəhid ailə üzvlərinin Ağbulaq İstirahət Mərkəzində 2 günlük istirahətləri təşkil olunub.

Çay süfrəsi arxasında baş tutan səmimi görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək şəhidlərin ailə üzvlərinə baş sağlığı verib, qəhrəman oğullarla hər bir azərbaycanlının fəxr etdiyini bildirib.

Şura sədri vurğulayıb ki, ötən dövr ərzində Şura tərəfindən şəhid və qazi ailələrinə sovqat yardımı paylanılıb, 9 min manatdan artıq maddi yardım göstərilib. Onların ailələrinin sağlamlıqlarının qorunması və müalicə olunması üçün sanatoriya yollayışı təmin edilib. 45 şəhid övladına məktəbli ləvazimatları verilib. 2 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Qəzənfər Abdullayev Həmkarlar İttifaqları Şurasının hər zaman şəhid ailələri və qazilərin yanında olduğundan və bu kimi layihələri maliyyələşdirməkdən qürur hissi keçirdiklərini bildirib.

“Naxçıvan şəhid ailələri” İctimai birliyinin sədri Mais Gülməmmədov çıxış edərək, şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Daha sonra şəhid ailə üzvləri ilə səmimi söhbət aparılıb, müraciətləri dinlənilib və həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, ilkin mərhələdə 54 şəhid ailəsi üzvünün Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub. 5-6 və 13-14 fevral tarixləri də daxil olmaqla ümumilikdə 150 nəfər şəhid ailəsinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunacaq.

2 günlük tədbir çərçivəsində şəhid ailələri üçün kompleks ərazisinə ekskursiya təşkil edilib, kanat xətlərindən istifadə imkanı yaradılıb, eləcə də təlimçilər tərəfindən xizəksürmə vərdişləri və texnikası öyrədilib, proqramlar təşkil edilib.

 

Nəşr edilib : 31.01.2024 22:41