AZ EN RU

Şəhid ailələrinə ordenlər təqdim olunub

    Fevralın 16-da Naxçıvan Şəhər İcra Hakimiyyətində Prezident cənab İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən şəhid gizir Bağır Ələkbərov, şəhid, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları İslam Eyvazov və Xansu Qurbanovun ailələrinə ordenlər təqdim edilib. 
    Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant  Anar Aqilov çıxış ediblər. Çıxışlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vətən oğullarının əziz xatirəsi yad edilib. Qeyd edilib ki, şanlı Vətən müharibəsində iştirak edən və şəhid olan qəhrəmanların şücaəti, cəsarəti gələcək nəsillərə örnəkdir. Şəhid, qazi və müharibə iştirakçılarına dövlət xüsusi qayğı göstərir. Şəhid ailələrinə təqdim edilən ordenlər də  bu qayğının təzahürüdür. Respublikamızın hər yerində olduğu kimi, muxtar respublikada da şəhid ailələrinin sosial problemləri  aradan qaldırılır, mənzil-məişət şəraiti yaxşılaşdırılır və bu istiqamətdə tədbirlər ardıcıl olaraq davam etdiriləcək.
    Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərə isə şəfa diləyiblər. 
    Sonra ordenlərin təqdimatı olub, şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 16.02.2023 19:02