AZ EN RU

Şəhid ailələrinə mənəvi dəstək – gənclərin növbəti ziyarəti Şərurda gerçəkləşdi

Gənclərin iştirakı ilə Şərur rayonu Çomaxtur kəndində  yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları II Qarabağ Müharibəsi şəhidləri  –  Mədətli Zülal Rəhim oğlu, İsmayılov Aqil Əli oğlu, Zeynalov Azad Rafiq oğlu və Xəlilli Murad Vəli oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək olmağa çalışıb, qəhrəmanlarımızın həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar.       Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən nazir müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov, Milli Məclisin deputatı, Naxçıvan Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, ölkəmiz öz suverenliyini tam təmin edib və bu missiyanın yerinə yetirilməsində şəhidlərimizin rolu əvəzsizdir.

İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.

Qeyd edək ki, bu cür görüşlər Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə hər ay keçirilir. Məqsəd şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və  gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır.

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.01.2024 18:03