AZ EN RU

Şəhid ailələri ziyarət olunub

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Babək rayonunun Yarımca, Məmmədrza Dizə, Kalbaoruc Dizə kəndlərində yaşayan şəhid ailələri ziyarət olunub. 
    Tədbir iştirakçıları şəhidlərimiz – İbrahim Vəlizadə, Ayaz İbrahimov  və Şəhriyar Məmmədovun ailə üzvləri ilə görüş zamanı qəhrəmanlarımızın həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar.
    Gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov, Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdar­lıqlarını bildiriblər.
    İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.08.2023 20:55