AZ EN RU

Şəhid ailələri, qazi və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edilib

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 24 iyun tarixli sərəncamları ilə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət göstərmiş naxçıvanlı hərbi qulluqçuları da müxtəlif medallarla təltif edib. Naxçıvan Şəhər İcra Hakimiyyətində həmin medalların, onların vəsiqələrinin şəhid ailələri, qazi və Vətən müharibəsi iştirakçılarına təqdim olunması ilə bağlı növbəti tədbir keçirilib. 
    Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda  canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. 
    Qeyd olunub ki, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük şücaət göstərərək şəhid olmuş Naxçıvan şəhər sakinləri – baş leytenant Sahil Məmmədov “Kəlbəcərin azad olunmasına görə”, baş leytenant İsmayıl Vəliyev “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə”, gizir Bağır Ələkbərov “Füzulinin azad olunmasına görə”, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular Araz Məmmədov, Xansu Qurbanov, İslam Eyvazov, İbrahim İbrahimov, Seymur İbrahimov “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər. Qazi, müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları – Nurəddin Nəbiyev, Yusif Haqverdiyev “Füzulinin azad olunmasına görə”, Vətən müharibəsi iştirakçıları –  mayor Ruslan Novruzov, mayor Rasim Zamanov, əsgər Şükür Novruzov “Suqovuşanın azad olunmasına görə”, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular Murad Əliyev və Mir İsmayıl Süleymanov isə “Füzulinin azad olunmasına görə” medalına layiq görülüblər. 
    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Anar Aqilov çıxış edib. Sonra medalların təqdimatı olub, şəhid ailələri, qazi və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

*   *   *

    Babək rayonunda keçirilən tədbirdə əvvəlcə igid Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək bildirib  ki, ötən dövr ərzində təkcə Babək rayonunda dövlətimiz tərəfindən 3 şəhid ailəsinə və 2 qaziyə mənzil, 3 qaziyə isə minik avtomobili verilib, onların tibbi müayinələri və özünüməşğulluq məsələlərinin həlli diqqətdə saxlanılıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələri və qazilər ziyarət olunur, onların sosial qayğıları həll edilir.

    Sonra “Kəlbəcərin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdar­lıq ediblər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.04.2022 21:21