AZ EN RU

Şəhid ailələri ilə növbəti görüşlərdə əcnəbi tələbələr də iştirak edib

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gəncin və Naxçıvanda təhsil alan türkiyəli tələbələrin iştirakı ilə Babək rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları bu məqsədlə şəhidlərimiz – Rasim Ramazanov, Ümid Novruzlu, Rəhman Əjdərov və Şükür Hacıyevin ailə üzvləri ilə görüşərək onların həyatı, keçdiyi döyüş yolu və qəhrəmanlıqları barədə məlumatlandırılıblar. 
    Gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, şəhid ailələri dövlətimiz tərəfindən davamlı qayğı ilə əhatə edilib. Muxtar respublikada iki ilə yaxındır ki, gənclərin şəhid ailələri ilə görüşləri ardıcıl şəkildə təşkil olunur. Onların xatırlanması milli kimliyimizin və birliyimizin təcəssümüdür.
    Görüşlər zamanı iştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onlarla bağlı xatirələrini bölüşüblər. Şəhid məzarları ziyarət olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.11.2022 19:55