AZ EN RU

Şəhid ailələri dövlətin daim diqqətindədir

    Böyük qürur və fəxr hissləri ilə qeyd etdiyimiz şanlı Zəfərimiz üçün müharibə dövründə böyük siyasi iradə və güc göstərən  Prezidentimizə, eyni zamanda peşəkarlığı, qəhrəmanlığı, rəşadəti və cəsarəti ilə seçilən hərbçilərimizə, bu yolda ölümə gedən şəhidlərimizə, son ana qədər döyüşərək yaralanan qazilərimizə borcluyuq. “Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq”, – deyən ölkə başçısı şəhidlərimizin ailələri və qazilərimizin problemlərini daim diqqət mərkəzində saxlayır. Son illərdə bu istiqamətdə böyük işlər görülüb, şəhid ailələri və qazilərə yeni mənzillər, avtomobillər verilib. Qazilərin müalicəsi üçün reabilitasiya mərkəzləri açılıb və lazım gələndə onlar müalicə üçün xarici ölkələrə göndəriliblər. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi, birdəfəlik sığorta ödənişi, aylıq olaraq şəhid ailəsinə Prezident təqaüdü verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının nümunələridir. Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı bu qəbildən olan şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsində mühüm rol oynayır. Şəhid ailələrinə sosial dəstək proqramı muxtar respublikamızda da davam etdirilir. 
    Dekabrın 30-da – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşüb, İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 5 qaziyə yeni mənzil, 11 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə avtomobillər təqdim olunub. 
    Kəngərli rayonunun Qıvraq qəsəbəsində mənzillə təmin olunan şəhid ailəsi ilə həmsöhbət olduğumuzda dövlətimizə minnətdarlığını bildirdi. Öyrəndik ki, Vətən müharibəsinin şəhidi Niyaməddin İsgəndərov 1985-ci il dekabr ayının 6-da Kəngərli rayonunun Xok kəndində dünyaya gəlmişdi. 1992-2003-cü ildə Xok kənd tam orta məktəbində təhsil almışdı. Niyaməddin 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuş, 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Qıvraq qəsəbəsində yerləşən “N” hərbi hissədə xüsusi təyinatlı qrupun kəşfiyyatçı radioteleqrafçısı olub. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin sıralarında oktyabr ayında torpaqlarımızın müdafiəsi üçün Qarabağa yollanıb. O, Füzuli, Cəbrayıl, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə cəsarətlə döyüşüb, Vətənə olan borcunu layiqincə yerinə yetirib. Hər kəsə qismət olmayan şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 22-də doğulduğu Xok kəndində son mənzilə yola salınıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün dövlət başçısının müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,  “Vətən uğrunda”,  “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə  təltif edilib. İndi ondan yadigar qalan 8 yaşlı Mətanət adında bir qızı var. 
    Dekabrın 30-da  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhid ailəsi yeni mənzillə təmin olunub. Bu da onun ifadəsidir ki, dövlət başçısı şəhid ailələrini hər zaman diqqətində saxlayır. Bu gün Niyaməddin İsgəndərovun ailəsinin evlə təmin edilməsi  ölkəmizdə şəhid ailələrinə göstərilən qayğının daha bir nümunəsidir. 
    Dövlətin şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması sahəsindəki tədbirləri bundan sonra da davam etdiriləcək, şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 11.01.2023 19:54