AZ EN RU

Şəhid ailələri Ağbulaq İstirahət Mərkəzində olub

5-6 fevral tarixlərində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi və “Naxçıvan şəhid ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə 42 nəfər şəhid ailə üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub.
 Şəhid ailələri ilə çay süfrəsi arxasında səmimi formatda görüş baş tutub.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edib. Bildirib ki, ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən şəhid ailələrinin müraciətlərinə baxılması, qayğılarının öyrənilməsi, qarşılaşdıqları problemlərin aradan qaldırılması və eləcə də onların müalicəsinin və istirahətlərinin təşkil olunması istiqamətində uğurlu layihələr həyata keçirilib. 
Sonra “Naxçıvan şəhid ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov  şəhid ailələrinə qayğı ilə yanaşılmasını, onlara xüsusi diqqət və həssaslıq göstərilməsini, problemlərinin həlli istiqamətində davamlı tədbirlərin görülməsini minnətdarlıqla qarşıladığını bildirib. 
Səmimi görüşdə şəhid ailələrini narahat edən məsələlərlə bağlı müraciət və təkliflər dinlənilib, həmin məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib.
Həmçinin 2 günlük tədbir çərçivəsində şəhid ailələri Ağbulaq İstirahət və Xizək Mərkəzində yaradılan bütün imkanlardan istifadə edəcəklər.
Qeyd edək ki, 15-16 fevral tarixlərində digər şəhid ailələrinin də Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunacaq. Ümumilikdə isə 150 nəfər şəhid ailə üzvləri Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən göstərilən bu qayğıdan yararlanacaq.

Nəşr edilib : 05.02.2024 20:10