AZ EN RU

Şəhid ailə üzvləri dövlətimizə minnətdarlıq edir

Vətən müharibəsi şəhidi Zülal Mədətlinin anası Şərəbanu Mədətova:

Şəhid ailələrinə göstərilən yüksək qayğı sayəsində övladlarımızın son addımını atdığı, son nəfəsini verdiyi yerləri gördük. Övladlarımızın nəfəsini duyduq oralara ayaq basanda. Torpağı ovuclayıb balalarımızın ətrini hiss etdik. Şuşa şəhərini gəzdikcə, yaradılan gözəllikləri gördükcə ürəyimiz fərəh hissi ilə dolub daşdı. Var olsun, dövlətimiz. Bayrağımız hər zaman yüksəklərdə dalğalansın.

Şəhid Əli Əliyevin anası Nailə ana:

Laçın rayonunda şəhidlik zirvəsinə ucalan oğlumun son dəfə döyüşdüyü yeri ziyarət edib onun azadlığı uğrunda canından keçdiyi torpağa ayaq basanda duyduğum qürur hissi sonsuz oldu. O yurdlara ayaq basa bilmək bizim üçün ən böyük şərəfdir. Bizə bu imkanı yaradan, səfərləri təşkil edənlərə bir ana kimi təşəkkür edirəm.

Şəhid Ümid Novruzlunun həyat yoldaşı Gülay Novruzlu:

Övladlarım Bahadur və Nilay nənələri ilə birlikdə atalarının şəhidlik zirvəsinə ucaldığı Daşaltını ziyarət etdilər. Şuşada istədikləri kimi gəzib dolaşdılar. Oğlum Cıdır düzündə dayanıb atasının azad etdiyi yeri izləyəndə bir daha bu dövlətin vətəndaşı olduğum üçün qürur duydum. Çünki qəhrəmanlarımızın sayəsində onlar azad Azərbaycanın övladları kimi böyüyürlər. Azad Vətən torpaqlarını ziyarət etmək imkanı yaradan dövlətimizə minnətdarıq. Var olsun, bütöv, azad Azərbaycan.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 02.04.2024 15:10