AZ EN RU

Şəhid adı müqəddəsdir

    Şəhidlik elə bir zirvədir ki, o zirvədən baxanda yalnız Vətən görünür. Ona görə də Vətən yolunda canından keçən ordumuzun hər bir əsgəri, zabiti qürur mənbəyimizdir.  

    2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi ordumuzun böyük Zəfəri ilə nəticələndi, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatla qarşı tərəf məğlubiyyətini etiraf edərək üzərinə bir sıra öhdəliklər götürdü. Ancaq Ermənistan tərəfi ötən müddətdə bəyanatın müddəalarını dəfələrlə pozmuş, öhdəliklərinə əməl etməmiş, regionda təhlükəsizliyi təmin edəcək sülh müqaviləsindən boyun qaçırmışdır. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri  müxtəlif çaplı silahlardan intensiv şəkildə atəşə tutulur, ərazilərimizin minalanması  davam etdirilir,  Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunun davam etdirilməsi gərginliyin artmasına səbəb olmuşdur. 
    Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuş, həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır.  
    Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür”.  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb, mülki əhali və infrastruktur obyektləri isə hədəfə alınmayıb. 
    Heç bir antiterror əməliyyatı itkisiz olmur, bizim də şəhidlərimiz, yaralılarımız oldu. Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxribat-diversiya/terror aktı nəticəsində həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun cənazəsi Naxçıvana gətirilib, dövlət rəsmilərinin iştirakı ilə izdihamla qarşılanıb. Polis serjantı Ələsgər Əsgərov Naxçıvan şəhəri Əliabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Dəfn mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət və hökumət, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimi fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib. 
    Sonda şəhidin atasına üçrəngli Azərbaycan bayrağı təqdim edilib.
    Şəhidlər vətənpərvərlik, cəsurluq, qəhrəmanlıq nümunəsidirlər. Bu ölümsüz qəhrəmanlar daim qəlbimizdə yaşayacaqlar. Allah şəhidlərimizə rəhmət eləsin!. 
    Qeyd edək ki, sentyabrın 20-də Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq 2023-cü il sentyabrın 20-də saat 1300-da bir sıra şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri ağ bayraq qaldırıb və təslim olub. Beləliklə, ordumuz Qarabağda yenə Tarixi Zəfər çaldı. Qələbə bizimdir!

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 20.09.2023 18:41