AZ EN RU

Şəhid abidəsinin açılışı olub

Naxçıvan şəhər Qaraxanbəyli kəndində Vətən müharibəsinin qəhrəman şəhidi İslam Eyvazovun doğum günü ərəfəsində böyüyüb boya-başa çatdığı evin önündə ucaldılan abidəsinin açılışı olub.

Öncə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media üzrə məsul şəxsi Günay Malikqızı çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır. Şəhid və qazilərimizin Vətən qarşısındakı xidmətləri dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqları bundan sonra da unudulmayacaq, şəhid ailələri, şəhid övladları daim dövlətimizin himayəsi altında yaşayacaqlar. Xalqımızın şəhidlik zirvəsinə ucalan oğullara, onların ailələrinə olan sevgisi Naxçıvanda daha da gözəl və fərqlidir. Şəhid ailələrinin birliyi, sakinlərin onlara olan hörməti hər birimizi sevindirir.

Qeyd edilib ki, İslam kimi oğullar qəhrəmanlıqları sayəsində hər bir azərbaycanlının qəlbində əbədi olaraq öz abidələrini ucaldıblar. Bu gün burada da onun xatirəsinə ucalan bu abidənin önündən keçən hər bir kəs şəhidimizin qəhrəmanlığını yada salacaq. Azərbaycan xalqı belə igid oğulların və onları dünyaya gətirən anaların sayəsində daim var olacaq.  Qəhrəman şəhidə həsr edilən mahnı səsləndirilib.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini Əli Əlisoy bildirdi ki, Vətən savaşına atılan hər kəsin bir amalı var idi: Qələbə qazanmaq. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə buna nail oldu. Torpaqlarımız uğrunda sağlamlığımızdan, canımızdan keçdik. Biz qazilər şəhidlərimizin şahidləri olaraq onların xatirəsini daim yaşadacağıq. 

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlılar hərbi hissəsinin  zabiti Rəşad Həbibov şəhid haqqında məlumat verərək bildirdi ki, İslam Eyvazov 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində iştirak edib. Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində vuruşub. Noyabrın 9-da Xocavənddə şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz Qaraxanbəyli kənd məzarlığında dəfn edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən şəhid İslam Eyvazov ölümündən sonra “Vətən uğrunda”,  “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Tədbirdə şəhid anaları adından Fatma xanım, Gülşad ana, şəhid atası Mais Gülməmmədov, Rizvan Həmzəyev çıxış edərək şəhidlərin qəhrəmanlığından danışıblar.

Şəhidin döyüş yoldaşı Əli Musayev qəhrəman şəhidin döyüş yolundan danışaraq bildirdi ki, son əməliyyata kimi onunla birlikdə olub. İslamın qəhrəmanlığı həmişə onun döyüş yoldaşlarının qəlbində yaşayacaq.

Şəhidin anası Aytən Eyvazova çıxış edərək qeyd etdi ki, ötən ay Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə şəhid ailələrinin Şuşa şəhərinə gəzintisi təşkil edilib. Həmin gün o da oğlu İslamın şəhidlik şərbəti içdiyi yeri görüb. Torpağı ovuclayıb balasının ətrini duyub. Dövlətimizə minnətdarlığını bildirən şəhid anası qeyd edib ki, onlar əmindirlər ki, bu dövlət var olduqca şəhidlərin əziz xatirəsi də yaşayacaq.

İslam Eyvazovun məzun olduğu 15 nömrəli tam orta məktəbdə onun adını daşıyan sinfin şagirdlərinin ifasında şeirlər səsləndirilib. Naxçıvan Dövlət Universitetinin tələbələrinin ifasında ədəbi-bədii kompozisiyaya baxılıb.

Qeyd edək ki, həmin gün qəhrəman şəhidin məzarı da ziyarət edilib.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 06.04.2024 15:49