AZ EN RU

Şəhərimizin zəhmətsevər, sadə qəhrəmanları

    Hələ həyatı tam dərk etmədiyimiz andan, qayğısız uşaqlığımızın keçdiyi dövrlərdən başlayır bu sual ətrafındakı düşüncə. İllər ötdükcə düşünüb ya cavabını tapırıq, ya da bu günümüzdən dünənə açılan pəncərədə onu xoş bir xatirə kimi ağlımızda saxlayırıq, amma hər zaman öz daxili dünyamızda bu suala cavab axtarırıq: – Kimdir qəhrəman? İllərboyu nağıllarda oxuduğumuz, insanların ən çətin anında köməyinə çatan ağ atlı igid, qalanın dörd divarı ardında əsir qalan şahzadəni xilas edən normandlı sərkərdə, ya da qardaşlarını divin əlindən xilas edən, sevdiyini qaranlıq dünyadan işıqlı dünyaya çıxaran Məlikməmməd? Yox, yox. Bunlar yalnız sirli-sehrli nağılların davamlı sakinləri, saf uşaqlığın, munis duyğuların qəhrəmanlarıdır. Amma bizim bu günümüzdə yaşayan, hər an, hər dəqiqə halal çörək qazanmağı özünə şərəf, ləyaqət bilən, işi ilə yalnız ailəsinin yox, şəhərimizin bütün sakinlərinin qeydinə qalan qəhrəmanlarımız var: sadə, gülərüz və zəhmətsevər qəhrəmanlar...

    Hər gün işə yollanarkən, ya da şəhərimizin park-xiyabanlarında gəzərkən onlarla salamlaşıb ayaqüstü söhbət edirəm, uzun illərdir, bəziləri bir məkanda işini davam etdirdiyi üçün artıq onları yaxından tanıyıram, hətta səmimi münasibətimiz də var. Kimisi artıq ömrünün altmışıncı, kimisi otuzuncu, kimisi qırxıncı baharında dayanıb. Amma qəlblərindəki zəhmət eşqi, halal ruzi gücü hələ də öz təravətini qoruyub saxlayıb... Onlar sübh açılandan ta ki gün qürub çağına yetənə qədər əllərindəki “silahlarına” sarılıb şəhərimizin bütün park-prospektlərini təmizləyir, bir sözlə, isti-soyuq demədən bizim rahat istirahətimiz üçün çalışırlar. Uzaqdan-uzağa onların bu zəhmətini görüb, işlərinə olan sevgisini duyub söhbət etmək istəyirdim. Nəhayət, bu istəyimi ötən şənbə günü, səhərin erkən saatlarında, elə iş başında olarkən reallaşdırdım. Onlar öz işlərinin başındadırlar, elə mən də... 
    – Salam, sabahınız xeyir olsun. İşiniz irəli. Necəsiniz? 
    Əlindəki süpürgəni yerə qoyur, üzünü mənə tutub deyir: 
    – Minnətdaram, çox sağ olun, sağlığınıza duaçıyıq.
    – Adınızı bilmək olar, dayı? 
    – Adım Afiyəddindir, Afiyəddin Mirzəyev.
    – Əgər işinizə mane olmayacağamsa, istəyirəm, sizinlə söhbət edim. Özüm də jurnalistəm. Olar?
    – Əlbəttə olar. Yəqin, hansısa televiziya kanalında verəcəklər bizi?
    – Xeyr, televiziya deyil, qəzetdir. “Şərq qapısı” qəzeti...
    – Daha denən məşhur olacağam ki, (gülür). Nədən danışacağam? 
    – Elə öz işinizdən...
    – Mənim işim bu gördüyün parkı təmizləmək, ağacların, gül-çiçəklərin nazını çəkməkdir. 
    – Lap yaxşı, onda gəlin belə edək; siz işinizi görün, mən də sizə suallarımı verim. 
    – Buyurun, eşidirəm sizi...
    – Maraqlıdır, Afiyəddin dayı üçün gün necə başlayır? 
    – Mənim üçün illərdir ki, gün öz axarında, eyni qaydada davam edir. Səhərin erkən saatlarından işə başlayıram, daha doğrusu, əvvəlcə iş yoldaşlarımızla birgə müəyyən ərazilərə bölünürük. Daha sonra hər birimiz şəhərimizdəki parklarda, istirahət guşələrində işimizin ardınca yola düşürük. İlin bu vədəsində çalışırıq ki, lap tezdən başlayaq işimizə. Çünki günortaya yaxın hava çox isti olur, onda da günün altında fiziki işlə məşğul olmaq xeyli əziyyət verir insana. Çətinliyimiz yoxdur, şükür. Zaman ötdükcə bağlar da doğmalaşır, səkilər də, yollar da, hətta ağaclar da (gülümsəyir). Ailəmizin dolanışığını bununla təmin etməklə yanaşı, həm də işimizlə fərəhlənirik. Nəyi pisdir ki? İşin, peşən nə olursa olsun, əsas amalın süfrənə halal çörək gətirmək, insanlara fayda verə bilməkdir. Nə qədər ki, canımda can var, öz işimin üzərində də duracağam.
    Bu zaman Afiyəddin dayının iş yoldaşı zarafatyana deyir: – Yaşı 50-yə çatmasına baxmayın, Afiyəddin dayı, bizim kimi yüz cavana dəyər. O, qoca nərdir, qoca nər (gülür). 
    Zəhmətləri kimi kollektivlərində olan səmimiyyət, mehriban münasibət də diqqətimizdən yayınmır. Aralarında yaş fərqinin az, yaxud çox olmasından asılı olmayaraq, onlar bir-birinə hörmətlə yanaşırlar. Fasilədən istifadə edib müsahibimə növbəti sualımı ünvanlayıram:
    – Hansısa prospekti, parkı, küçəni təmizləməyin fərqi varmı sizin üçün? 
    – Əslinə baxsan yoxdur, amma elə məkanlar var ki, orada uzun müddət işləyəndə, necə deyərlər, işin çəmini tapırsan. Həm məkana alışırsan, həm də səninlə birgə bu işi yerinə yetirən kollektivin üzvləri ilə qaynayıb-qarışırsan. Amma ünvan hara olursa olsun, əsas məsələ işinin öhdəsindən layiqincə gəlməkdir. Bir də ki, bu iş insandan sevgi və səbir tələb edir. Yalnız təmizliyini etdiyin ərazini sevməyi demirəm haa, insanları da sevmək, səbir etmək əsas şərtdir. Yoxsa heç bir gün belə olsun, tab gətirə bilməzsən. Sözümə inanın, illərin təcrübəsi deyir bunu (gülümsəyir).
    – İnsanlara səbir etmək deyəndə, yəqin ki, şəhərimizin təmizliyinin, səliqə-sahmanının qeydinə qalmayan yaşlı, gənc, yeniyetmə, fərqi yoxdur, bəzi laqeyd insanları nəzərdə tutursunuz? Yoxsa...
    – Hə, elə onları nəzərdə tuturam da... Səhərdən axşamçağına qədər təmizləyirsən, süpürürsən, elə olur parklardakı oturacaqlara qədər silirsən, bir də baxırsan odur ha, əlindəki boş su butulkasını, nə bilim kağızı, sellofan torbanı, Allah nə verdisə tullayır yolun ortasına... Nə deyəsən?.. Belə də ki, guya söz desək, nə olacaq. Başa düşən, necə deyərlər, dərk edən insan olsa, fikirləşər ki, ağsaqqalın biz yaşda nəvələri, övladları var. Ayıbdır bu yaşında kiminsə qarşısında əyilsin, nəyisə götürsün. Çoxu da universitet tələbəsidir, vallah. Mən təhsil almamışam, oğlum, o vaxt indiki kimi imkan da olmayıb. Amma elm əhlindən eşitmişik ki, ali təhsil almaq, savad sahibi olmaq insanı həlimləşdirir, mənəvi cəhətdən kamilləşdirir. İndi bu müasir dövrün bəzi gənclərindən belə şeylər görəndə adam çaşbaş qalır. Deyirsən, İlahi, özün xasiyyətlərini gözəlləşdir, elmlərini artır...
    – O cür hallarla qarşılaşanda heç çağırıb iradınızı bildirmirsiniz? 
    – Yox, indiyə kimi heç etməmişəm, düzü çəkinmişəm. Ehtiyat etmişəm ki, birdən kimsə mənim, ya da digər yoldaşlarımın haqlı iradını səhv başa düşər, anlaşılmazlıq olar, nə bilim... İndi də dövr başqadır. O əvvəlki zəmanələr deyil ki, böyük sözünü başımızın üstündə tutaq. Həm də gənclərimizin əksəriyyəti alitəhsillidir axı. Onlar hara, biz hara (istehza ilə gülümsəyir)...
    – Sizi sevindirmək üçün demirəm, amma bu da bir reallıqdır ki, şəhərimizdə olan, yurdumuzu qarış-qarış gəzən hər bir turist Naxçıvanın təmizliyindən danışır...
    – Bəli, elə deyirlər (uşaq səmimiyyəti ilə fikrimizi təsdiqləyir). Hətta bəzən əcnəbi qonaqların yanlarından ötərkən qeyri-ixtiyari bu barədəki söhbətlərini eşidirsən. Razılıq edirlər, bizə təşəkkür edən, savadlı, təvazökar insanlar çox olur. Elə insanları görəndə sevinirik, cəmiyyətimizdə nə yaxşı ki, kiçik əməyə belə böyük qiymət verən bu cür insanlar var, deyirik. Onsuz da  mədəni insan hər hərəkətindən bilinir. Ən adi bir nümunədən misal çəkirəm; tullantını elə yerindəcə əraziyə, hər gün gedib-gəldiyi səkiyə, küçəyə atan da var, qarşısına zibil qutusu çıxana qədər əlində, çantasında saxlayan da... Hətta o günlərdə nəvəmə bu barədə danışanda, mənə deyir ki, babacan, əgər bu dünyanı Uca Yaradan hələ də məhv etmirsə, elə yaxşı insanların böyük əməllərinə görədir. Gülürəm, fikirləşirəm ki, uşaq da olsa, ağıllı söz danışır...
    – Bəs iş saatı bitdikdən sonra fəaliyyətiniz nədən ibarət olur? Yorğunluğunuzu necə çıxarırsınız? 
    – Mənim üçün iş tapşırılan ərazini tam təmizləyib, necə deyərlər, ürəyim istəyən nəticəni aldıqda yekunlaşır. Tək mən yox, elə kollektivimizin digər üzvləri də belədir. Biz bu günün işini sabaha buraxmırıq. İş vaxtı bitdikdən sonra da evə dönərkən yolüstü də büdcəmə uyğun ailəm üçün, ən çox da nəvələrim üçün şirniyyatdan, dondurmadan alıram. Sevinirlər. Evdə ya yorğunluğumu nəvələrimlə oynayaraq çıxarıram, ya da televizorda gedən xəbərləri, maraqlı verilişləri izləyirəm. Ailə insan üçün böyük nemətdir. Günün nə qədər zəhmətlə keçir-keçsin, evə daxil olanda nəvələrinin səni qarşılamağı, ailənin gülərüzlüyü, mehribanlığı bəs edir insana. Düşünəndə ki, süfrənə halal çörək aparırsan, gücün çatdığı qədər övladlarının dolanışığını təmin edirsən, onda bütün qayğılarını unudursan. Ürəkdən şükür edirsən Allaha. Bax Afiyəddin dayın üçün illərdir ki, günü belə başa çatır (gülür).
    Bayaqdan uzaqdan-uzağa söhbətimizi dinləyən başqa bir zəhmət adamına yaxınlaşıram, hal-əhval tutub deyirəm: 
    – Dayı, icazə olarmı sizinlə də bir-iki kəlmə söhbət edək? Vaxtınızı çox almayacağam...
    – Olar, niyə olmur ki... Yəqin, birinci adımı soruşacaqsınız. Jurnalistlər söhbətə başlamazdan əvvəl, adətən, elə edirlər axı. Televizorda görmüşəm (gülümsünür).
    – Düzdür, elədir ki, var. 
    – Adım Əsəddir, soyadım da Hacıyev. 15 ildir ki, bu bağda olduğu kimi, şəhərimizin yaşıllıqlarına qayğı göstərirəm, təmizliyinin qeydinə qalıram. Bu yerlər artıq bizə ev kimidir. Evini, isti ocağını necə təmiz saxlayırsansa, eyni qaydada havası, suyu ilə boya-başa çatdığın doğma şəhərinin, halal çörək qazandığın yerin də qeydinə qalmalısan. Bu artıq bizim peşə amalımıza çevrilib. 
    – Yaşınızın bu çağında işin çətinliyi, zəhməti yormur ki, sizi? 
    – İnsafən, sakinlərin əksəriyyəti zəhmətimizi dəyərləndirib bizə qayğı ilə yanaşıb. Dəfələrlə şahidi olmuşam ki, valideynlər, nənə-babalarımız park və bağlarımızdakı yaşıllıqlara zərər vurmaq istəyən, tərtəmiz səkilərimizi zibilləyən uşaqları möhkəm məzəmmət edib danlayıblar, utandırıblar onları. Mən hər zaman deyirəm, elə kollektivimizin digər üzvləri də sözümü təsdiqləyər; bizi yoran işin ağırlığı deyil ki, bütün bu əziyyətlərin ardınca bəzi insanların işimizə göstərdikləri biganəlikdir. Təmizləyib səliqə-sahman yaradırsan, ağacların üzərindəki qurumuş yarpaqlara qədər yığırsan ki, şəhərimizin ümumi gözəl görüntüsünə xələl gətirməsin. Amma nə çarə? Bir də baxırsan, əlindəki bir topa zibili səpdi yolun ortasına. Elə dincliyini aldığın yerdə dilxor olursan. Bir də başlayırsan sil-süpür işinə. Ağzını açıb bir kəlmə, səmimi şəkildə iradını deyəndə də, necə deyərlər, borclu çıxırsan, olursan pis adam. Qayıdır üzünə deyir ki, əməkhaqqı alırsan da, eləməlisən, borcundur. Belə halları dəfələrlə müşahidə etmişəm. Baxırsan, qadın xeylağıdır, binanın həyətinə enməyə ərindiyindən bir torba dolusu zibili dördüncü-beşinci mərtəbədən tolazlayır aşağı. Nə deyəsən? Necə başa salasan ki, olmaz belə etmək... Sağ olsun, bizim polislərimiz, hüquq-mühafizə orqanları işçilərimiz bu işdə kömək edirlər, insanları maarifləndirməyə çalışırlar, amma bəzən elə olur ki, o belə dadımıza çatmır. 
    – Bəs ilin hansı fəslində işləmək yorur sizi? 
    – Mənə elə gəlir ki, yayda işləmək daha çətin olur. Çünki ilin bu vədəsi parkların da gəlişli-gedişli, gur olan vaxtıdır. Ancaq qışda bilirsən ki, soyuğa görə heç kim gəlib parkda oturmur, həm də təbiət qış yuxusunda olduğuna görə ağaclar, çiçəklər də bir o qədər əziyyət vermir. Qışda həm də zibil də az olur... Bir də ki, bizim üçün fəslin elə də fərqi yoxdur ki. Vaxtından, vədəsindən asılı olmayaraq, daim işimizin başındayıq, yaxşı kollektivimizlə, səmimi dostlarımızla şəhərimizin qeydinə qalırıq. Bu da bizim işimiz, çörəkpulumuzdur. 
    Bu səmimi, mehriban, gülərüz kollektivlə sağollaşıb ayrılıram. Yol boyu fikrimdən keçir: hansı vəzifəni daşıdığının, kim olduğunun nə fərqi var ki? İşini, doğma yurdunu, ailəsini sevən, ən əsası isə halal çörəyini alın təri ilə qazanan, bu yolda zəhmət çəkən, sevdikləri üçün canla-başla çalışan, üzündən təbəssüm əskik olmayan insanlar, düşünürəm ki, əsl qəhrəmanlardır. Bu insanların işləri çətin, zəhmət tələb edən olsa da, bunu heç zaman həmsöhbət olduqları müsahiblərinə sezdirmirlər, ən əsası isə gördükləri işdən razılıq edirlər. Tək giley-güzarları isə mədəniyyətdən uzaq olan bəzi insanların şəhərimizə, abad küçələrimizə, parklarımıza, istirahət guşələrimizə göstərdikləri laqeyd münasibətdir. Belə xoşagəlməz hallar qarşısında yenə də səbir və təmkin göstərmək isə qəhrəmanların işidir, əlləri qabarlı sadə qəhrəmanların...

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 15.08.2023 19:09