AZ EN RU

Şəhərimizdə təşkil edilən məktəbli yarmarkası alıcılarda xoş təəssürat yaradıb

    Yeni tədris ilinin başlanmasına az müddət qalır. Bütün məktəblilər, eləcə də müəllimlər səbirsizliklə 15 sentyabr – Bilik Gününü ən gözəl şəkildə qarşılamağa çalışırlar. Hər il olduğu kimi, bu il də muxtar respublikamızda təşkil olunan ənənəvi məktəbli yarmarkaları alıcıların zövqünə və büdcələrinə uyğun ən gözəl məhsulları satışa çıxarıb. Artıq fəaliyyətə başlayan bu yarmarkalar vasitəsilə bütün məktəbli ləvazimatlarını, eyni zamanda məktəbli formalarını və müəllimlər üçün vəsaitləri də bir mərkəzdən əldə etmək mümkündür. Yarmarkalarda ilk gündən etibarən çoxlu müəllim, tələbə və valideynə xidmət göstərir. 

    Qeyd edək ki, məhsul çeşidinin çox olması alıcılara geniş seçim imkanı yaradır. Burada müştərilərə keyfiyyətli və münasib qiymətə məktəbli ləvazimatları, o cümlədən məktəbli geyimləri, idman formaları və ayaqqabılar təklif olunur. Ayrı-ayrı fənlər üzrə əyani dərs vəsaitləri, lüğət, dünya uşaq ədəbiyyatı nümunələri, bədii və elmi ədəbiyyatları da buradan əldə etmək mümkündür. Bir daha diqqətə çatdıraq ki, sentyabr ayının 1-dən 14-dək fəaliyyət göstərəcək yarmarkalarının əsas məqsədi yeni tədris ilinə hazırlaşarkən şagirdlərin məktəbli ləvazimatlarına olan tələbatlarını daha sərfəli qiymətə və rahat şəkildə təmin etməkdir. Biz də şəraitlə yaxından tanış olmaq üçün yolumuzu Naxçıvan şəhərindəki Mərkəzi bazarda təşkil olunan məktəbli yarmarkasından saldıq, həm alıcıların, həm də satıcıların təəssüratlarını öyrəndik. 

    İlk müsahibimiz şəhər sakini Sevinc Əliyeva yarmarka haqqında öz təəssüratlarını bölüşərək dedi: “Artıq bir neçə ildir ki, yarmarkada iştirak edirəm, övladlarımın bütün məktəbli ləvazimatlarını yarmarkadan alırıq. Çünki yarmarkaya çıxarılan məhsulların keyfiyyətindən və sərfəli qiymətindən razıyıq. Çeşid də çox olduğu üçün övladlarımız özləri seçim edirlər. Eyni zamanda yalnız ləvazimatlar deyil, geyimləri də buradan alırıq. İstənilən ölçüdə geyimi buradan əldə etmək mümkündür.”
    Naxçıvan şəhər sakini Ceyran Nəbiyeva da yarmarkadakı münasib qiymətlərdən və keyfiyyətli məhsullardan razılığını bildirərək qeyd etdi ki, o, bir neçə ildir, övladlarının məktəbli ləvazimatlarını yarmarkadan əldə edir: – Məlumdur ki, hər il Bilik Günü ərəfəsində istər şagirdlərin, istərsə də valideynlərin, necə deyərlər, ən qayğılı günləri başlayır. Belə bir zamanda məktəb üçün lazım olan bütün ləvazimatları bir ünvanda əldə etmək həm zaman, həm də qiymət baxımından çox əlverişlidir.
    Yarmarkaya məhsul çıxaran satıcılar da belə tədbirlərin təşkilindən razılıqla danışırlar. Onlardan biri – Əli Əliyevlə yarmarkanın fəaliyyətindən söhbət edir: “Yarmarkamız sentyabr ayının 14-dək saat 900-dan 1400-dək hər gün fəaliyyət göstərəcəkdir. Əsas hədəfimiz məktəbliləri lazımi məhsullarla daha səmərəli və keyfiyyətli şəkildə təmin etməkdir. Ötən illərə nəzər salsaq, bu il satışa çıxarılan məhsulların çeşidi bol, qiyməti isə daha münasibdir. Qeyd etmək lazımdır ki, alıcılar münasib qiyməti dəyərləndirərək ləvazimatları sayla deyil, paket halında alırlar. Bu da alıcı məmnuniyyəti deməkdir. Onu da qeyd etmək lazımdır ki, istər müəllimlər, istərsə də şagirdlər üçün ən yeni dərs ləvazimatlarının da satışı həyata keçirilir.
    Məlumat üçün bildirək ki, muxtar respublikada məktəbli geyimləri, idman formaları istehsal edən yüngül sənaye müəssisələrinin keyfiyyətli məhsulları yarmarkada satışa çıxarılıb. Bunlar həm keyfiyyətinə, həm də qiymətinə görə valideynlərin rahatlıqla aldığı məhsullardır”.
    Yarmarkaya gəlmiş müəllimlərlə də həmsöhbət oluruq. Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Ceyran Məmmədova söhbət zamanı dedi: “Muxtar respublikada yeni dərs ili ilə əlaqədar olaraq təşkil olunmuş ənənəvi məktəbli yarmarkası şagird və müəllimlərin lazımi dərs ləvazimatları ilə təmin olunması baxımından xeyli əhəmiyyətlidir. Təbii ki, bütün məhsulların bir yerdə və ən əhəmiyyətlisi münasib qiymətə satışa çıxarılması, ləvazimatların asan və rahat əldə olunması valideyn və müəllimlərin üryəncədir. İstənilən ləvazimatları bir ünvandan ala bilirik. Onu da qeyd edim ki, Təhsil Nazirliyi tərəfindən hazırlanmış müəllim üçün gündəlik dərs planları, icmallar, illik planlaşdırma üçün hazır materiallar, sinif rəhbərinin iş planı kimi ləvazimatları burada sərfəli qiymətə satırlar. Liseylər və ümumtəhsil məktəbləri üçün tikilmiş məktəbli geyimlərini valideynlər buradan əldə edə bilər. Bir sözlə, bütün lazımi məhsulları eyni yerdən asan və rahat şəkildə əldə etmək bizim üçün əlverişlidir”.
    Ümumilikdə, satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, qiymətlərinin əlverişli olması və xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır. Bir daha qeyd etmək lazımdır ki, yarmarka muxtar respublikanın bütün bölgələrində fəaliyyət göstərir və sentyabrın 14-dək davam edəcək. 

Bülbül QULİYEVA 
Aysel YUSİFZADƏ
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının tələbələri

Nəşr edilib : 05.09.2022 19:35