AZ EN RU

Şəhərimizdə kompleks tikinti-quruculuq işləri davam etdirilir

    Muxtar respublikamızda günü-gündən inkişaf edən, yenilənən iqtisadi-sosial, mədəni siyasətin bir hissəsini də tikinti-quruculuq, abadlıq və yenidənqurma işləri təşkil etməkdədir. Şəhərimizin hansı istiqamətinə üz tutsaq, görərik ki, insanların sağlam yaşayışı, mədəni istirahəti, gənclərin vaxtlarını səmərəli keçirməsi üçün kifayət qədər maraqlı ünvanlar park-xiyabanlar, təlim-tədris mərkəzləri, gənclər şəhərciyi və çoxsaylı sosial obyektlər tikilərək onların istifadəsinə verilib.

    Qeyd edək ki, bu gün muxtar diyarımızda sözügedən tikinti-quruculuq işlərinin bir istiqamətini də mənzil tikintisi əhatə edir. Sosial tədbirlər silsiləsinə daxil olan mənzil tikintiləri vətəndaşların yaşayışlarının yaxşılaşdırılması, məskunlaşmanın yüksəldilməsi və yüksək rifahın  təmin olunması yönündə mühüm əhəmiyyət kəsb edir. Şəhərimizdə tikintisi sürətlə davam etdirilən daha bir yeni “Gənclər şəhərciyi” dediklərimizin bariz nümunəsidir. Məlumat üçün qeyd edək ki, Naxçıvan şəhəri, 48-ci məhəllədə, Naxçıvan Muxtar Respublika Xəstəxanasının yaxınlığında salınan, 2019-cu ildə təməli atılan və tikintisi davam etdirilən rezidens yaşayış massivində 9 mərtəbədən ibarət 7 yaşayış binasının tikintisi nəzərdə tutulub. Hələlik dörd binada quruculuq işləri həyata keçirilir. Mərtəbələrin hər birində 2 ikiotaqlı, dörd üçotaqlı olmaqla, ümumilikdə, 6 mənzil yerləşəcək, yəni binaların hər birində 48 mənzil olacaq. İkiotaqlı mənzillər 71, üçotaqlılar isə 84, 87 kvadratmetr olacaq. Onu da bildirək ki, mənzilləri əldə etmək üçün vətəndaşlara güzəştli ipoteka şərtləri və şirkətin daxili kreditləri hesabına güzəştli tariflər də təqdim olunacaq. 
     Mənzillərin hər birində ən müasir mənzil-məişət şəraiti yaradılacaq, yeni istilik və havalandırma sistemləri quraşdırılacaq. Binaların hər birinin birinci mərtəbəsində qeyri-yaşayış sahələri yerləşəcək ki, onların hər birində müxtəlif ticarət və xidmət mərkəzləri fəaliyyət göstərəcək. Uşaqlar və gənclər üçün müxtəlif idman infrastrukturu, o cümlədən geniş avtomobil dayanacaqlarının yaradılması da nəzərdə tutulub. 

    Şəhərimizin Nizami küçəsində və Babək məhəlləsində də yeni yaşayış binalarının tikintisi davam etdirilir. Nizami küçəsində inşa olunan 64 mənzilli yaşayış binası zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarətdir. Hazırda binanın altı mərtəbəsində beton-qəlib işləri sona çatdırılıb, hörgü işləri yekunlaşdırılıb. Yeddinci mərtəbədə isə beton qəlibləmə işləri sürətlə davam etdirilir. Babək məhəlləsində inşası davam etdirilən, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan yaşayış binasında iki, üç və dördotaqlı olmaqla, 48 mənzil istifadəyə veriləcək. Binaların hər birində işlər ardıcıl olaraq davam etdirilir. 
    Görülən işlər diyarımızda dinamik inkişafın ən prioritet istiqaməti sayılan təhsil siyasətini də əhatə edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində muxtar diyarımızda təhsilin yeni növü olan STEAM-ın bütün ümumtəhsil məktəblərində tətbiq olunması üçün də muxtar respublikamızın hər yerində müasir şərait yaradılır. Universitet şəhərciyi yaxınlığında inşası davam etdirilən və zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olan STEAM təlim-tədris mərkəzində də müasir təhsil infrastrukturunun yaradılması nəzərdə tutulub. Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində yaradılan bu mərkəzdə, mərtəbələr üzrə müvafiq dərs otaqları, o cümlədən müasir dizayna malik mühəndislik emalatxanası, informatika və kompüter, texnologiya, 3D printet, robot uçuşu otaqları və digər bölmələr fəaliyyət göstərəcəkdir. Mərkəzin yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub. 

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 04.08.2022 19:44