AZ EN RU

Şəhər birinciliyində qaliblər müəyyənləşib

    Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbində Vətən müharibəsi şəhidi Araz Məmmədovun əziz xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər (2007-2009-cu illər) arasında yunan-Roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
    Birincilikdə Naxçıvan şəhərinin Vətən müharibəsi qaziləri və şəhidimizin ailə üzvləri iştirak ediblər. Sonra şəhid Araz Məmmədovun anası Xeyrənsə Məmmədova çıxış edərək ölkəmizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızı yad edib, birinciliyin təşkilatçılarına minnətdarlığını bildirib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən şəhidin anası Xeyrənsə Məmmədovaya xüsusi plaket təqdim edilib. 
    Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhəri ilə yanaşı, Sədərək və Kəngərli rayonlarının idmançıları da iştirak ediblər. 10 çəki dərəcəsi üzrə 50 idmançının qüvvəsini sınadığı açıq birinciliyin yekun nəticəsinə əsasən Fuad Rzayev (38 kiloqram, Naxçıvan), Turqay Məmmədli (41 kiloqram, Naxçıvan), Tuqay Qəhrəmanlı (44 kiloqram, Naxçıvan), Məhəmməd İsmayılov (48 kiloqram, Naxçıvan), Sadiq Kərimov (52 kiloqram, Naxçıvan), Namiq Əlizadə (57 kiloqram, Naxçıvan), Elnur Məmmədov (62 kiloqram, Naxçıvan), Eldar Abdullayev (68 kiloqram, Naxçıvan), Əli Sadıqlı (75 kiloqram, Naxçıvan) və Kənan Hüseynov (85 kiloqram, Naxçıvan) qalib adını qazanıblar.
    Sonda hər çəki dərəcəsində ilk 3 yeri tutan idmançılar diplom və medallarla təltif olunublar.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 18.08.2022 19:06