AZ EN RU

Şəhadət məqamı və Aşura missiyası

    İslam tarixindən məlum olan, Həzrəti Hüseyn və onun haqq mübarizəsi 1400 ildir ki, bu torpaqların mübarizə və and yerinə çevrilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: “Aşura günü biz dinimizə və adət-ənənələrimizə sadiq olaraq məscidə toplaşırıq və haqq-ədalət uğrunda  şəhid olan İmam Hüseynin əziz xatirəsini yad edirik”. İmam Hüseynin mübarizəsi insanların məişətində, yaşam tərzində illərboyu özünəməxsus yer alıb.

    Sovet hökumətinin inanclara qarşı repressiya illərində insanlar inanclarını qoruyub saxlamaq üçün Hüseyn və tərəfdaşlarının adlarını müxtəlif formalarda zikr edərək yaşatmağa çalışmışlar. 
    Əsrlər boyunca məşəl rolu oynamış Kərbəla faciəsi təkcə Həzrəti Hüseynin dövrü ilə məhdudlaşmayaraq bütün zamanlarda ibrət götürüləcək mükəmməl bir fədakarlığa çevrilmişdir. Azərbaycan xalqının tarixini müəyyən məqamları ilə Kərbəla faciəsi arasında bir bağlılıq var: zülmə düçar olmuş peyğəmbər ümməti və zülmə məruz qalmış Azərbaycan xalqı. 30 il davam edən Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının öz dədə-baba yurdundan didərgin salınması zülmə qarşı olan, haqqı hər zaman üstün tutan Azərbaycan xalqına qarşı zülm idi. Qəddar düşmənin soydaşlarımızın şərəf və ləyaqətini alçaltdığı belə bir zamanda yatmış vicdanları oyadıb, duyğuları coşduracaq böyük bir fədakarlıq örnəyinə çevrildi Həzrəti Hüseyn mücadiləsi. Heç təsadüfi deyildir ki, “Vətən sağ olsun!”, “Vətən uğrunda irəli!”, “Yaşasın Azərbaycan!”, – deyə ölümə atılan igidlərimizin  döyüş meydanındakı şüarlarından biri də “Ya Hüseyn!” idi. İşğaldan azad edilmiş el-obamıza ordumuz ilk qədəm basdığı an üçrəngli bayrağımızı zirvələrə sancmaqla yanaşı, şövqlə azan sədalarını da yüksəltdi. Düşmənin  viran qoyduğu, bu gün isə dövlətimizin yüksək dini ehtiram əlaməti olaraq bərpa edib dindarların istifadəsinə verdiyi məscidlərimizdə Həzrəti Hüseyn rituallarla, həm də adil dövlətimizə şükranlıqla yad edilir.
    Kərbəla hadisəsi öz səbəb və nəticələri ilə bütün nəsillərə dərs keçib, qurtuluş və xilas yolunu açdığı üçündür ki, dini fanatizmdən çox-çox üstün mübarizə simvoludur.  Həzrəti Hüseynin hədəflərini təhrif etmək, Kərbəla hadisəsini fanatikcəsinə qeyd etmək, bunu ağlaşma, hüzn və mərsiyələrlə məhdudlaşdırmaq olmaz. Biz bu faciəni ona görə yada salırıq ki, Kərbəla şəhidlərinin  fədakarlığı və onun təsir gücünün ölçüsünü dərk edək. Biz Aşura mərasimində ağlamaqla, zəncir vurmaqla, baş yarmaqla dini ibadət etdiyimizi, günahlarımızın bağışlandığını və bununla da rahatladığımızı düşünsək, yanılarıq. Əksinə, İmam Hüseynin anım mərasimlərini yuxarıda qeyd etdiyim ayinlərlə yad etmək çox zərərlidir. İmam Hüseynin faciəsini bizim davranışımızda, yaşamımızda heç bir iz buraxmadan, ancaq anım mərasimi, ağlamaq və hüzn çərçivəsində dəyərləndirmək bu hədəfləri təhrif etməkdir. Çünki sadaladığımız bu rituallar hadisənin mahiyyətini azdırır, fədakarlığın izlərini itirir. 
    Bu ağır səfər, bu misligörülməmiş fədakarlıq və bu əzəmətli şəhadət heç şübhə yoxdur ki, din, əqidə uğrunda olmuşdur. Həzrəti Hüseyn bütün mömin, inanclı insanların yolunda şəhid olub. İnsanlar Kərbəla hadisəsini yalnız qəlb gözü ilə görüb imanını artıra bilər. Buna görə də hər il Aşura gününü mərhəmət və insanlıq, milli-mənəvi, dini birlik, əqidə, məslək, Vətən yolunda şəhadətin böyüklüyünü  dərk etməklə qeyd etməliyik.
    Tarixin müxtəlif dövrlərində dahi klassiklərimiz də mövzuya bu prizmadan müraciət ediblər.  Kərbəla vaqiəsindən, təxminən, 1200 il sonra sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan sanki əsrlər sonra Qarabağında, doğma Şuşasında törədiləcək qeyri-insani vəhşəti görərək, ürəyinin qələmə axıtdığı hüzn və kədərlə o günləri yaşayır kimi deyirdi:
    Söylə Hüseynə, ey səba, Kərbübəlaya 
                    gəlməsün,
    Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, 
                    gəlməsün.
   1820-1830-cu illərdə çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmiş Abbasqulu ağa Bakıxanov bir məmləkətin bölüşdürülməsini  Kərbəlanın timsalında belə ifadə edirdi:
    Kərbəla, saxlagilən nəşi-Əliəkbərimi,
    Verirəm, çünki əmanət sənə gülpeykərimi.
    Azərbaycan musiqi sənətinin zirvəsi hesab olunan Üzeyir Hacıbəyli isə sanki illər sonra Qarabağ uğrunda şəhadətəyetişmək üçün haqq savaşına qoşulan həmvətənlərinə səslənərək “Biz hürriyyət, həqq və həqqaniyyət yolunda can qurban etmiş olan övladı-peyğəmbərin təziyəsini dünya durduqca hər məhərrəm  yada salıb ağlayacağıq” söyləyirdi.
    Nəinki İslam dünyası, bütün dünya –  Hindistanın dövlət xadimi Mahatma Qandi, görkəmli rus yazıçısı və mütəfəkkiri Lev Tolstoy, fransız yazıçısı və filosofu Viktor Hüqo, ingilis yazıçısı Çarlz Dikkens, Böyük Britaniya şərqşünası, yazıçısı, tərcüməçisi və alimi Edvard Braun, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor, Hindistanın ilk baş naziri Cəvahirləl Nehru, Hindistanın eks-prezidenti Radra Krişnan və “İmam Əli” kitabının müəllifi  xristian yazıçı Corc Cordaq və başqaları Həzrəti Hüseynin timsalında haqq səsinin carçısı olmaqdan qürur duyduqlarını ifadə ediblər.
    Müstəqil Azərbaycanımızın memarı, Ümummilli Liderimiz Heydər Əliyev isə Bakıda Təzəpir məscidinin açılışında demişdi: “Bizim yolumuz Allah yoludur, Məhəmməd Peyğəmbərin yolu və İmam Hüseynin yoludur”.
    1400 il əvvəl Kərbəla şəhidləri İslamın, nəcibliyin, gözəlliyin və ən əsası da haqqın yaşaması, əqidə uğrunda mübarizə aparıb, bu ali məqsəd uğrunda qanlarını axıdıblar. Bu gün biz onların miras qoyduğu bu yolu, bu əməli davam etdirərək Vətən yolunda, haqq yolunda, müstəqil dövlətimizin qorunması uğrunda cihada hazır olduğumuzu sübut etdik və buna hər zaman hazırıq. Məhz bu mənada Aşura günü həm də Vətən şühədalarının, cəmi şəhidlərimizin xatirəsinin ehtiram və minnətdarlıqla anıldığı, ruhlarının dua və ehsanlarla zikr edildiyi gündür. Həmin gün qan qardaşlarımıza – ehtiyacı olan insanlara qan bağışlamaqla, onlara ikinci bir həyat bəxş etməklə xeyirxahlıq nümunəsi göstərməyimiz isə qardaşlıq, soydaşlıq, dindaşlıq, humanizm nümunəsi kimi bəşəriyyətə örnəkdir.
    Ölkə başçısı cənab İlham Əliyevin dəyişməz, stabil siyasəti nəticəsində ölkəmiz müasir İslam dövlətlərinin mədəni-mənəvi paytaxtlarından birinə çevrilməklə yanaşı, həm də bütün dinlər üçün isti qucağını açmış, onlar üçün tolerant bir siyasət formalaşdırmış, məzhəb ayrı-seçkiliyi, dini əqidəsizlik demək olar ki, tarixin arxivinə gömülmüşdür. Xristian, yəhudi və sair icmaların nümayəndələrinin dini ayin və mərasimlərdə birgə iştirak etdiyinə şahid oluruq ki, bunlar da dövlət siyasətimizin tərkib hissəsidir. İslami dəyərlər isə milli-mənəvi dəyərlərimiz sırasında əsas yerlərdən birini tutur. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlərboyu öz milli-mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir”.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 27.07.2023 19:29