AZ EN RU

Şəfqətli həkim, qayğıkeş ANA

Akademik Zərifə xanım Əliyevanın şərəf və ləyaqətlə yaşanmış ömür yoluna nəzər yetirdikcə gözlərimiz önündə nəcib bir insan, görkəmli alim, xalqını, Vətənini dərin məhəbbətlə sevən, ailəsinə sədaqət rəmzi olan zərif bir qadın obrazı canlanır. Hər zaman yurdsevər soydaşlarımızın, onunla birgə çalışmış elm xadimlərinin, şəfa verdiyi insanların yaddaşlarında yaşayan görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva minlərlə insana gözəl dünyamızı görmək sevinci bəxş edirdi. Həyata gəlişi bahara təsadüf edən Zərifə xanım Əliyeva ən böyük ziyalı kimi həmişə adını uca tutduğu Azərbaycan xalqının, bütün elm və tibb ictimaiyyətinin yaddaşına əbədi həkk olunub.     
“... Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər, mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”. Tanrının dünyaya göndərdiyi seçilmiş və xoşbəxt insanlardan biri kimi akademik Zərifə Əziz qızı Əliyeva haqqında oğlu, Prezident cənab İlham Əliyevin kövrək hisslərlə dilə gətirdiyi fikirlərində də bunu görürük. Bu zərif qadın əsl alim ömrü yaşamış, həyatını peşəsinin sirlərini dərindən öyrənməyə həsr etmişdi. Amma onun yaşam fəlsəfəsinin əsasını, heç şübhəsiz, yurduna, torpağına bağlılıq, vətəndaşlıq mövqeyi təşkil edirdi. Bütün mənalı fəaliyyətinin təməlində də bu amillər dayanırdı.
Həyat fəlsəfəsi və mənəvi dünyası kifayət qədər zəngin olan, oftalmologiya elminin inkişafına böyük töhfələr verən, akademik Zərifə xanım Əliyevanın uşaqlıq və gənclik illəri qədim tarixə malik yurd yerlərimizdən biri olan Şahtaxtıda keçmişdi. O, çox sayda ziyalılar yetişdirmiş bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən yetərincə faydalanmışdı. Görkəmli dövlət xadimi, səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım yüksək vətəndaşlıq mövqeyini atasından, əsl Azərbaycan qadınının nəcib xüsusiyyətlərini isə anası Leyla xanımdan əxz etmişdi. Prezident cənab İlham Əliyev də Zərifə xanım haqqında xatirələrində vurğulayır ki, anasının ailəsi ovaxtkı cəmiyyətin ən ziyalı ailələrindən biri olub: “Atasının – Əziz Əliyevin həyatı Zərifə xanım üçün doğma xalqının tarixinin ayrılmaz hissəsi idi. ... Ailədə mənim nənəmin, Leyla xanımın təsiri güclü olub. Zərifə xanım ondan çox şey öyrənmişdi. O, hər şeyi bacarırdı: əla aşpaz kimi xörək hazırlayır, elmi işlə məşğul olurdu; qəlblərə təsir edən oxumağı vardı; zərif və sadə olmağı bacarırdı”.
Akademik Zərifə xanım Əliyevanın elmi dünyasına baxsaq təəccüblənməyə bilmərik. Qısa və şərəflə yaşanmış bu ömürdə nələr yoxdur ki... 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifi olan alimin gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların yetişdirilməsində də böyük xidmətləri əvəzsizdir. O, onlarla elmlər doktorunun rəhbəri olmuş, böyük bir elmi məktəb yaratmış, oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. O həmin mükafata layiq görülən ilk qadın alim idi. 
Qürurvericidir ki, dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında yüksək fikirlər söyləmişlər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı “oftalmologiyanın mirvarisi” adlandırırdı. Bu ifadədə böyük məna yükü var. 
Dünya şöhrətli oftalmoloq, akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Professor K.Trutneva “Zərifə xanım hər şeydən əvvəl görkəmli-alim oftalmoloqdur. Təkcə oftalmoloqdurmu?! O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elmdə məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənləşdirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağırdır və onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi bilgilər tələb edir. Üstəlik, yüksək təşkilatçılıq bacarığının olması da vacibdir. Məhz bu keyfiyyətlər Zərifə xanım Əliyevaya xas idi”. Sözsüz ki, hər birimizin qəlbində özünə yer qazanmış bu Azərbaycan qadını haqqında deyilən belə yüksək fikirlər Zərifə xanım Əliyevanın xarakter cizgiləridir, onu yüksəkliyə qaldıran, tanıdan amillərdir.
Bu baxımdan Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M. Krasnovun xatirələri Zərifə xanım Əliyevanı tanımayanlar, görməyənlər üçün bir ensiklopediyadır. “Zərifə xanım elə güclü şəxsiyyət idi ki, mənliyində qalmaq şərti ilə bir kimsənin xətrinə dəyməzdi. Hamı bilirdi ki, Zərifə xanım ona üz tutanların hamısına imkanı daxilində kömək etməyə hazırdır... İnsani keyfiyyətləri, hər şeyi incəliyi ilə qiymətləndirmək bacarığı, adamlarla dil tapmaq qabiliyyəti ictimai işdə də Zərifə xanımın (üstəlik, o, böyük ictimai xadim idi) əlindən tuturdu. Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan “Bilik” Cəmiyyətinin üzvü, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Əlbəttə, bütün bunlar çoxlu enerji tələb edirdi, lakin Zərifə xanıma “ictimai yük” ifadəsini aid etmək düzgün olmazdı. Bu onun təbiəti üçün adi hal idi.
Zərifə Əziz qızının səyləri nəticəsində ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıldı. O vaxta qədər belə bir laboratoriya mövcud olmamışdı. Necə deyərlər, “yox yerdən” elmi laboratoriya yaradanlar bunun nə qədər qüvvə və bacarıq tələb etdiyini yaxşı bilir.
Zərifə xanım “İridodiaqnostika” kimi nəhəng elmi monoqrafiyanı yazmağa və nəşr etməyə girişmişdi. Həmin monoqrafiya elə kitab mağazalarının rəflərində görünən kimi yoxa çıxmışdı. Zərifə xanımın elmi cəsarəti onun elmi təvazökarlığı ilə üst-üstə düşürdü. Hər iki insani keyfiyyət bir-biri ilə çox vaxt ziddiyyətdə olmasına baxmayaraq, onlar Zərifə xanımın timsalında eynilik təşkil edirdi. Elmi nailiyyətlərinə görə o, Tibb Elmləri Akademiyasının mükafatına layiq görüləndə bütün səmimiyyəti ilə təəccübləndi: “Nə üçün məhz mənə?” Zərifə xanım təkcə elm aləmində yox, həyatda da məhz bu cür səmimi idi”.
Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva! Bu adlar qoşa çəkiləndə iki şəxsiyyətin bir-birinə olan sevgisindən yaranan məhəbbət dastanı, qarşılıqlı sevgi üzərində qurulan çox gözəl bir ailə nümunəsi göz önünə gəlir. Onları bir-birinə bağlayan əbədi eşq nəsillərə örnək idi. Sadəliyi, nəcibliyi, mehribanlığı ilə yadda qalan Zərifə xanım Ulu Öndərin təkcə həyat yoldaşı deyildi. Bu cəfakeş qadın həm də Ümummilli Liderimizin dostu, sirdaşı, eyni zamanda onunla çiyin-çiyinə dayanaraq öz ömür-gün yoldaşına mənəvi dayaq idi. Fəxri adları, elmi titulları, mükafatları çox olan Zərifə xanıma taleyin verdiyi bir qabiliyyət idi ki, o bunu da bacarırdı. Bacarırdı ki, xalqımız, dövlətimiz üçün iki övlad böyütdü. Öz valideynlərinin yolunu şərəflə davam etdirən, ata-analarına başucalığı gətirən övladlar...
Akademik, Əməkdar elm xadimi, M.İ. Averbax adına mükafatın laureatı... Hər biri qürur, iftixar mənbəyi olan bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanımın övladlarına münasibəti də xüsusi idi. O nə edirdisə, böyük sevgi ilə edirdi. Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident cənab İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq deyir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Bu gün qəlbimizi ağrıdan, göynədən odur ki, ömür-gün yoldaşının min bir əzabla qurub-yaratdığı, bu gün hakimiyyət sükanı arxasında oğlunun böyük siyasi iradə ilə dayandığı və daha parlaq gələcəyə uğurla apardığı müstəqil Azərbaycanımızın bu gününü görə bilmədi Zərifə xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də dünyasını dəyişdi, əbədiyyətə qovuşdu, Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir İnsanı tək qoyub getdi. Ulu Öndərimiz həyatı qədər sevdiyi Zərifə xanımı itirdi, onun yoxluğu ilə heç cür barışa bilmədi. Azca qəddi də əyildi, amma sınmadı. 
Ümummilli Lider Heydər Əliyev deyirdi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədi yaşayacaqdır”. 
Zərifə xanımdan sonra Ulu Öndərimizi Onun qəlbində Azərbaycana olan sevgisi yaşatdı. Çünki O, Azərbaycan üçün lazım idi. Ulu Öndər də Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmədi. Lakin həmişə Zərifə xanımın ruhunu yanında hiss etdi, ondan güc-qüvvə aldı. 2003-cü il dekabrın 12-də Zərifə xanım enişli-yoxuşlu yollarda birgə addımladığı ömür-gün yoldaşına əbədiyyət dünyasında qovuşdu. Bir-birlərinə qovuşduqları üçün sevindilər. Amma arxada gözüyaşlı milyonlarla insan qaldı...    
Bu gün Zərifə xanımın ruhu şaddır. Azərbaycan xalqına tarixinin ən şanlı zəfərini bəxş edən İlham Əliyev kimi oğul böyütdüyü üçün! Qalib xalqın Qalib Lideri İlham Əliyevin Şuşada dalğalandırdığı Zəfər bayrağı xalqımızın qəlbini xoşbəxtlik hissi ilə qürurlandırır. Artıq bir neçə ildir ki, torpaqlarımızın 30 illik işğalına son qoyulub, bir zamanlar yalnız top-tüfəng səsləri gələn Qarabağdan indi quruculuğun xoş sədaları yüksəlir. Bu tarixi və şərəfli missiyanı Zərifə xanımın oğlu ata vəsiyyətini yerinə yetirərək həyata keçirir.
Həyatda şərəfli bir ömür yaşayan, Vətənə, torpağa məhəbbəti, sədaqəti, xalqa xidməti ilə yaddaşlarda qalan insanların əməlləri, xeyirxah işləri daim anılır. Tarix məhz belə insanların sayəsində yaranır, onların mənalı ömürləri gələcək nəsillərə örnək, nümunə olur. Bu həyatda yalnız yaxşılığın əbədi olduğunu və bunu həyat amalına çevirən Zərifə xanım Əliyeva kimi. Prezident cənab İlham Əliyev kövrək hisslərlə bu haqda deyir: “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”. 
Şəfqətli həkim, qayğıkeş ana, mehriban həyat yoldaşı... Bütün bunların daşıyıcısı Zərifə xanım Əliyevadır. Görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, Zəfər tarixi yazan, Qalib Lider Prezident cənab İlham Əliyevin anası, Azərbaycan xalqının şöhrətli qızı, gözlərə nur paylayan həkim, şəxsiyyət və sevimli ANA...

Məhəbbət MİRZƏYEVA

Nəşr edilib : 08.03.2024 10:49